4 boksçumuz 1/4 finalda

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.

SportLine.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 7 idmançısı rinqə çıxıb. Onlardan dördü adını 1/4 finala yazdırıb.

Belə ki, 49 kq çəki dərəcəsində qüvvəsini sınayan Maqsud Xasmetov Ramil Əliyevlə (Belarus) döyüşüb. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş həmyerlimizin 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Xasmetov 1/4 finalda rusiyalı Dimitri Batyayla üz-üzə gələcək. Qarşılaşma aprelin 22-də olacaq.

60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov ikinci görüşünü də aktivinə yazıb. Həmyerlimiz rusiyalı Kaqir Minatullayevlə gərgin keçək görüşdə 3:2 (26:30, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Nikolay Terteryanla (Danimarka) döyüşəcək. Qarşılaşma aprelin 21-də olacaq.

Digər boksçumuz Səbuhi Abışov (64 kq) Arman Dabaqyanla (Polşa) üz-üzə gəlib. Həmyerlimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27). O, 1/4 finalda Sebastyan Terteryanla (Danimarka) üz-üzə gələcək. Döyüş sabah keçiriləcək.

Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənovun da startı uğurlu alınıb. O, 1/8 finalda Stefan Ristanoviçi (Serbiya) yarışdan kənarlaşdırıb. Boksçumuz növbəti döyüşündə Mikita Buçko (Belarus) ilə gücünü yoxlayacaq. Qarşılaşma aprelin 21-də baş tutacaq.

Boksçularımızdan Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq) və Məhəmməd Yusifov (75 kq) isə məğlubiyyətə üzülərək, yarışla vidalaşıblar.

Azərbaycan Boks Federasiyasının məlumatı