AFFA-dan "Region Liqası" klublarına xəbərdarlıq

AFFA və "Region Liqası”nın təşkili üzrə İşçi Qrup turnirin III turunun bir neçə oyununda baş verən xoşagəlməz olaylarla bağlı xəbərdarlıq müraciəti yayıb.

SportLine.az xəbər verir ki, müraciətdə bu cür hallara AFFA-nın İntizam Komitəsi tərəfindən müvafiq hüquqi qiymət veriləcəyi vurğulanıb. Bildirilir ki, hakim qərarlarına etiraz fonunda məşqçi və futbolçuların iştirakı ilə kütləvi dava-dalaş cəhdlərinə yol verilib, nəticədə oyunlarda bir neçə dəqiqəlik fasilələr yaranıb. AFFA nümayəndələrinin və təhlükəsizliyə cavabdeh şəxslərin müdaxiləsi ilə həmin xoşagəlməz cəhdlərinin qarşısı alınıb, turun bütün qarşılaşmaları sonuna qədər oynanılıb: "AFFA və "Region Liqası”nın təşkili üzrə İşçi Qrup belə intizamsızlıq cəhdlərini kəskin şəkildə pisləyir, bütün komandaların turnirin Əsanaməsində göstərilmiş qaydalara riayət etməsinin vacibliyini bildirir. Cari turda qeydə alınmış qayda pozuntularına AFFA-nın İntizam Komitəsi müvafiq hüquqi qiyməti verəcək”.

"Region Liqası”nın bütün iştirakçılarının bir daha diqqətinə çatdırılır ki, analoji hallar təkrarlanacağı təqdirdə, təqsirkar komandanın turnirdən kənarlaşdırılması məsələsinə baxılacaq: "Bütün komandaları qaydalara riayət etməyə və futbolun gözəlliyindən zövq almağa çağırırıq! Bir daha xatırladırıq ki, AFFA Ədalətli Oyun, həmçinin meydanda və meydandan kənarda tərəflərin bir-birinə hörmət və ehtiram prinsiplərini dəstəkləyir!”.

Qeyd edək ki, xoşagəlməz olaylar III turun "FC Baku” - "Şahdağ” və "Kürmük” - "Şəki” matçlarında qeydə alınıb.