Avropa Çempionatı: 2-ci gündə 1 "qızıl", 1 "bürünc"

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir. Cüdo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rüstəm Orucov bürünc medala sahib olub. 81 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, sabah daha 4 çüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşaqi Kokauri (+ 100 kq) tatami üzərinə çıxacaq.