Avropa çempionatında daha iki medal

Macarıstanın Sombateli şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Sportline.az xəbər verir ki, dördüncü yarış günündə qadınların mübarizəsinə yekun vurulub. Komandamızın üzvləri günü 1 gümüş, 1 bürünc medalla tamamlayıblar. Avropa vitse-çempionu adına 53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova layiq görülüb. Qurbanova Almaniya, Polşa və Moldovadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra finala yüksəlib. Həlledici görüşdə o, ukraynalı rəqibinə yenilərək, gümüş medala sahib çıxıb.

58 kq çəkidəki Alyona Kolesnik isə Polşa və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, yarımfinalda ukraynalıya uduzub. Lakin Kolesnik bürünc medal uğrunda görüşdə fransalı rəqibini tam üstünlüklə məğlub edərək, fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Avropa çempionatının ilk 3 gününü Azərbaycan sərbəst güləşçiləri üst-üstə 2 qızıl, 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb. Ertəsi isə Hacımurad Ömərov (70 kq) qızıl, Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub. Üçüncü yarış günündə mübarizə aparan 4 qadın güləşçidən heç biri fəxri kürsüyə yüksələ bilməyib.