Azad Əskərovun tələbələri növbəti sınaq qarşısında

İdmançılarımız Rusiyanın Kislavodsk şəhərində keçirilən MMA idman növü üzrə Dünya çempionatından 7 medalla qayıdıblar. SportLine.az xəbər verir ki, əməkdar məşqçi Vilayət Quliyevin rəhbərlik etdiyi komandamızın üzvlərindən ən yaxşı nəticə Raul Məmmədovla Sərxan Qarayevin aktivindədir. Finaladək irəliləyən idmançılarımız yekunda gümüş medal qazanıblar. Kənan Abbasquliyev, Əli Quliyev, Kənan Hacıyev, Yasər İsgəndərov və Nihad Məlikov isə bürünclə kifayətlənib.

Pankrationçularımız da daha bir ciddi sınaq qarşısındadırlar. Onlar  Budapeştdə keçiriləcək  Avropa çempionatında ümidləri doğrultmalıdırlar. Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əskərovun rəhbərliyi ilə Macarıstana yollanacaq komandaya 8 idmançı daxil edilib: Fazil Qasımov, Fərid Xəlilov, Fərid Hadıyev, Elşən Əmirov, Coşqun Dərişov, Ehtiram Dərişov, Tural Məmmədov və Murad Şəfizadə.

Təmsilçilərimizin Dünya çempionatındakı nəticələrini qənaətbəxş qiymətləndirən Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əskərov növbəti yarışın daha uğurlu alınacağına inanır: "Avropa çempionatına güclü idmançılarla yollanırıq. Artıq hazırlıqlarımızı yekunlaşdırmışıq. Rəqiblərimiz çox güclüdür. Xüsusilə, Ukrayna və Rusiya idmançıları ilə döyüşlərimiz çətin keçəcək. Ancaq inanıram ki, uğurlu nəticələrlə qayıdacağıq".

Qeyd edək ki, iyunun 10-da start götürəcək Avropa çempionatı 3 gün davam edəcək.