Azərbaycan çempionatında ilk gün

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri məlum olub.

Azərbaycan Cüdo Federasiyasından SportLine.az saytna verilən məlumata görə, mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin sədri Aleksandr Yatskeviç, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Mikayıl İsmayılov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, tanınmış cüdo xadimləri iştirak ediblər.

Çempionatın mükafatçılarına medallar, diplom və pul hədiyyələri təqdim olunub. Qeyd edək ki, respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır. Yarışa dekabrın 28-də yekun vurulacaq.