Azərbaycan çempionu rəsmiləşdi

Qadın həndbolçuların Azərbaycan çempionatında 20-ci tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə Mingəçevirin "Nur" komandası "Kür" Olimpiya İdman Mərkəzində "Azəryol"u qəbul edib. Ötən tur,  lider "Azərsu" ilə xal fərqini minimuma endirən "Azəryol", çempionluq ümidlərini sonadək qorumaq üçün, bu görüşdən mütləq qələbə ilə ayrılmalı idi. Amma, paytaxt həndbolçuları tapşırığı yerinə yetirə bilməyiblər. Oyun 27-24 hesabı ilə meydança sahibələrinin xeyrinə başa çatıb.

Bu isə, "Azərsu"nun çempionluğu vaxtından əvvəl rəsmiləşdirməsi anlamına gəlir. Belə ki, yarış cədvəlinin lideri, autsayder "İdman Akademiyası" ilə sabahkı oyunda məğlub olacağı təqdirdə belə, qızıl medallara sahib çıxacaq. Hərçənd ki, həmin görüşdə "Azərsu"nun qələbəsi qətiyyən şübhə doğurmur.

Qeyd edək ki, son oyun gününün digər qarşılaşmasında  "Qarabağ" "Gənclər Birliyi"ni, sınağa çəkəcək.