Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

SportLine.az saytı oxucularının görüşünə yeni layihə ilə gəlir. AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə reallaşacaq bu dəfəki layihədə futbolumuzun tarixindən bəhs edəcəyik. Məlum olduğu kimi, bundan əvvəlki layihədə “Neftçi”nin 80 illik tarixini araşdırmış, Azərbaycan futbolunun şanlı səhifələrini birlikdə vərəqləmişdik. Araşdırmalarımızda, futbol veteranları, mütəxəssislər və azarkeşlərlə müsahibələrimizdə acılı-şirinli, enişli-yoxuşlu yollara yenidən nəzər salmışdıq. “Neftçi”nin qazandığı uğurları xatırlamış, uğursuzluqların səbəblərini araşdırmağa, problemlərin həlli yollarını tapmağa çalışmışdıq. Bu dəfə isə, hədəfləri və qarşıya qoyulan məqsədi daha da böyütmüş, əhatə dairəsini bir qədər də genişləndirmişik. Yeni layihəmizdə Azərbaycan tarixinə nəzər salacaq, 116 ildə keçilən yolun gizlinlərindən, unudulanlardan bəhs edəcəyik. Sözsüz ki, unudulmaz oyunları, futbol tariximizdə iz qoymuş parlaq simaları bir daha xatırlamaq şərti ilə. İlk yazıda əsasən futbol tariximizə bir daha qısa ekskursiya edəcəyik.  

Blatterlə Platinidən təbrik almış “yubiliyar”

2011-ci ilin iyununda, həmin vaxt FİFA və UEFA-ya rəhbərlik edən iki böyük futbol funksioneri – Mişel Platini və Zepp Blatter Bakıya səfərə gəlmişdi. Fəxri qonaqların iştirakı ilə, Bakıda bir sıra rəsmi tədbirlər, mərasim və ziyafətlər təşkil olundu. Bu tədbirlərdən xüsusi ilə üçü daha yadda qaldı: birincisi, iyunun 6-də paytaxtın Böyük Şor qəsəbəsinə yaxın ərazidə “Bakı Olimpiya Stadionu”nun təməlqoyma mərasimi, ikincisi Mərdəkan qəsəbəsində tikilən “Dalğa Arena”nın açılışı və ən nəhayət bir gün sonra paytaxtımızın ən dəbdəbəli saraylarından sayılan “Buta Palas”da rəsmi ziyafət. Məhz həmin günlərdə Azərbaycan futbolunun 100 illik yubileyi qeyd olunurdu. Dövlət başçısı İlham Əliyev yubiley tədbirlərinə qatılan Platini və Blatteri şəxsən qəbul etmişdi. Onlarla söhbətində də ölkə prezidenti Azərbaycan futbolunun bir əsrlik tarixindən, bu müddət ərzində qazanılan uğurlardan və dövlət səviyyəsində idmanın bütün növlərinə, o cümlədən futbola göstərilən diqqət-qayğıdan bəhs etmişdi. Həm Olimpiya stadionunun təməlinin qoyulması, həm də müasir tələblərə cavab verən “Dalğa Arena”nın qısa müddətdə inşa edilərək, istifadəyə verilməsi yüksək səviyyəli diqqətin, Azərbaycanda futbola olan sevginin göstəricisi idi. 



Əksər mənbələr Azərbaycanda futbolla tanışlığın XX əsrin əvvəllərində başladığından xəbər verir. İngiltərədə yaranan və dumanlı Albionda da populyarlaşan top oyunu sürətlə bütün Avropanı öz sehrinə salmağa başlayır. XX əsrin əvvəllərində isə, Bakı böyük güclərin, siyasi və iqtisadi maraqların toqquşduğu strateji neft şəhəri idi. Məlum məsələdir ki, yerli sakinlərin əksəriyyəti həmin dövrlərdə daha çox dolanışığının qayğısına qalır, müxtəlif xəstəliklərin və bəlaların öhdəsindən gəlməklə, ailəsini cürbəcür bəlalardan qorumağa çalışırdılar. Avropanın müxtəlif ölkələrinə səyahətə gedənlər də barmaqla sayılır, belələrinin arasında futbolla, idmanla maraqlanacaq kimsə yer almırdı. Maddi vəziyyəti yaxşı olan zənginləri daha çox Avropanın dəbdəbəli həyatı, qumarxanaları və açıq-saçıq geyim saydıqları libasda olan xanımlar maraqlandırırdı. Məhz həmin dövrdə, Bakı nefti avropalıların diqqətini cəlb etməyə başlamışdı. Bunun da nəticəsində xarici şirkətlər Xəzər dənizinin sahilində yerləşən bu şəhərə neftin istehsalı, hasilatın artırılması üçün öz əməkdaşlarını ezamiyyətə göndərirdilər. Gəlmələr isə özləri ilə birlikdə, Bakıya futbolu da “gətirmişdilər”. Asudə vaxtlarında əcnəbilərin öz aralarında oynadıqları “top-top” oyunu getdikcə yerli fəhlələrin də diqqətini cəlb edir və böyük marağa səbəb olur.

 Futbolumuz “Qalatasaray”la yaşıddırmı?

 Azərbaycan futbolunun yaranma tarixi 1911-ci ildən hesablansa da, Bakıda ilk futbol klubları 1905-ci ildə yaranıb. Bu komandalar əsasən Bakının neft sənayesində yer alan iri şirkətləri təmsil edirdilər. Bakıda ilk rəsmi çempionat məhz 1911-ci ildə keçirilib və bu səbəbdən də futbolumuzun yaşı həmin müddətdən hesablanır. İlk çempionatın qalibi adını İngiltərə Neft Şirkətinin "Britaniya Klubu" komandasının qazanması isə, həmin dövrün tələblərinə görə qanunauyğunluq idi. Cəmi bir il sonra, 1912-ci ildə "Bakı" komandası qonşu Tbilisiyə səfərə getməklə ölkə sərhədlərini aşır. Bakılılar Gürcüstanda “Sokol” komandasına qarşı ilk beynəlxalq oyununda 4:2 hesablı qələbəyə sevinirlər. Gürcülərlə oyunları Azərbaycan futbolunun beynəlxalq miqyasda keçirdiyi ilk qarşılaşmalar kimi də xarakterizə etmək olar. İki xalq arasındakı məsafə yaxınlığını da nəzərə alanda bunun səbəbi anlaşılandır. Azərbaycanda sovet hökuməti qurulanadək gürcülərlə Bakı komandalarının 11 görüşü baş tutub və ümumi hesab Azərbaycan komandalarının xeyrinə olub. Getdikcə Bakıda futbol klublarının və futbolla maraqlananların sayı artır, top oyununa sevgi kütləvi xarakter alırdı. Belədə təşkilatlanmanın, sistemli yarış və turnirlərin keçirilməsinin zamanı çatmışdı. Bu, həm də, futbolun təbliği, yeni inkişaf mərhələsinə qədəm qoyması üçün vacib idi. Zamanın tələbi və sosial sifarişin artması nəticəsində 1914-cü ildə Bakıda ilk Futbol İttifaqı formalaşdırıldı. Futbol qurumuna bütün komandaları daxil edilmişdi. Qarşıda duran əsas vəzifə isə, pərakəndəliyə son qoymaq idi. Yeni ittifaqın yaradılması tezliklə öz bəhrəsini verir və tezliklə ilk əlamətlər hiss edilməyə başlayır. Azərbaycan Futbol İttifaqı rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili, keçirilməsini öz üzərinə götürür, vəzifəsinin öhdəsindən uğurla gəlir. Məhz bu təşkilatlanmanın nəticəsi idi ki, tezliklə pərakəndəliyə son qoyulur, müxtəlif komandalar arasında çempionatların təşkilinə start verilir. Artıq futbol təkcə neft buruqlarında aparılan işlərə rəhbərlik edən ingilislərin sevimli əyləncəsi deyildi. Avropadan gələnlər yerlilərə təkəbbürlə yanaşdığından onları öz komandalarından görməyi, onlarla birlikdə top qovmağı elə də xoş qarşılamır, mümkün qədər öz aralarında yarışmağa çalışırdılar. Bunun da nəticəsi idi ki, Bakı ətrafında yerləşən qəsəbə və kəndlərdə, eləcə də neft buruqlarında çalışan yerli işçilər arasında müxtəlif komandalar yaradılmağa başlanır. Təəssüflər olsun ki, ilk futbol təşkilatının ömrü elə də uzun sürmür. 1917-ci ilə qədər fəaliyyət göstərən və tərkibində 20 komandanı birləşdirən Futbol İttifaqı mürəkkəb siyasi proseslərin, vətəndaş qarşıdurmasının, Bakıdakı inqilabi əhval-ruhiyyənin, erməni-müsəlman davasının qurbanına çevrilir.



 İnqilabdan sonrakı dirçəliş

 Təsadüfi deyil ki, Futbol İttifaqının süqutundan sonrakı durğunluq 1920-ci ilə qədər davam edir. Sükutu Bakıda sovet hökuməti qurulandan sonra pozmaq mümkün olur. Elə həmin Bakı birinciliyi bərpa olunur  və şəhər birinciliyinin qalibi adını “Sokol” komandası qazanır. 1923-cü ildə Gürcüstanın paytaxtı Tbilisi də komsomolçular arasında Zaqafqaziya olimpiadası keçirilir və yarışın qalibi Bakı yığması olur. Maraqlıdır ki, növbəti iki ildə də bakılılar Zaqafqaziyanın ən güclüsü adını kimsəyə güzəştə getmirlər. Azərbaycanın futbol yığması inqilabdan sonra özünün ilk beynəlxalq yoldaşlıq oyunlarını 1929-cu ildə Tehranda İran yığmasına qarşı keçirir və həmin oyunlarda 4:0, 4:1 və 11:0 hesabı ilə üç böyük qələbə qazanır. 1930-1931-ci illərdə Azərbaycanı yoldaşlıq görüşlərində Bakının seçmə fəhlə komandası təmsil edir. Komanda Almaniyanın seçmə fəhlə komandası (4:3 və 1:0) və İngiltərənin seçmə fəhlə komandası (5:2 və 3:1) üzərində qələbə qazanır. İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycan futbolçuları xarici ölkələrdə əsasən "Neftçi"nin timsalında tanınıblar. 



“Neftyanik”lə başlayan yeni dövr

 Futbolun Azərbaycanda populyarlıq yoluna qədəm qoyması 1937-ci ildən başlayır. Məhz həmin ilin martında Bakıda “Neftyanik”in yaradılması ilə Azərbaycan futbolu yeni mərhələyənin qapılarını açır. Bütün SSRİ-də Bakı nefti ilə ad çıxaran Azərbaycanın “qara qızılı” xatırladan komanda ilə tanınması da məhz tarixi zərurət idi. Həmin zərurət isə, 1936-cı ilin sonlarında, 1937-ci ilin əvvəllərində gerçəkləşməyə başlayır. “Neftyanik” Könüllü İdman Cəmiyyəti Bakıda ayrı-ayrılıqda fəaliyyət göstərən neftlə bağlılığı olan idarə və müəssisələrin yığmalarını bir təşkilatda birləşdirməli idi. Həmin proses yaz aylarına qədər yekunlaşır və “Neftyanik” həyata vəsiqə qazanır. 21 mart 1937-ci ildə “Azərbaycan Bədən tərbiyyəçisi” qəzetində yeni yaradılmış komandanın heyəti belə təqdim edilirdi: Cəfərov, İsmayılov, Rıjov, Vıboronov, Nexoroşev, Nifontov, Abramov, Kuznetsov, Luşnikov, Mironov, Ştırlin, Makaqonov, Krasilnikov, Sidorenko. İllər ötdükcə, bu siyahıya yeni adlar əlavə ediləcək, hafizələrə parlaq portretlər həkk olunacaqdı. Layihə çərçivəsində onlarla sizi daha yaxından tanış etməyə çalışacağıq. 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir