Azərbaycan komandası bir günə 8 medal qazandı

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunun ilk günündə Azərbaycan millisi 8 medal qazanıb.

SportLine.az xəbər verir ki, medallardan 2-si qızıl, 2-si gümüş, 4-ü bürünc olub. 

Rövşən Əliyev (55 kq) və Şəfəq Həmidova (44 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) Avropa Kubokunun gümüş medallarına yiyələniblər. Tofiq Məmmədov (60 kq), Nurlan Osmanov (66 kq), Ramilə Əliyeva (44 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.

Bununla da, millimiz Avropa Kuboku yarışının birinci günündə medalların əyarına və sayına görə ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunur.

Azərbaycan Cüdo Federasiyasının məlumatı