Azərbaycan cüdoçusu Olimpiya çempionu oldu

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları start götürüb.

SportLine.az xəbər verir ki, ilk yarış günü Azərbaycan komandası üçün uğurlu alınıb. Cüdo yarışlarında Vüqar Talıbov finala yüksəlməklə, ən azı, gümüş medalı təmin edib.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə yəmənli Əhəd əl-Sağırı, 1/4 finalda tacikistanlı Camşed Süleymonini, yarımfinalda isə dominikanlı Antonio Tornalı üstələyib. Finalda onun rəqibi rusiyalı Abrek Naquçev olub. Bu görüşdən də qalib ayrılan Vüqar Talıbov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın qadın cüdoçusu Vüsalə Kərimova isə 7-ci yeri tutub. 44 kq çəkidə yer alan Kərimova ilk görüşündə bolqarıstanlı Aleksa Georgiyevaya 22 saniyəyə ipponla qalib gəlsə də, 1/4 finalda xorvatiyalı Viktoriya Pulyiçə uduzub. Bürünc medal uğrunda ilk təsəlliverici görüşdə o, butanlı Yanqçen Vanqmonu 28 saniyəyə ipponla üstələyib. Lakin növbəti qarşılaşmada yeniyetmə cüdoçunun qarşısını kosovolu Erza Muminoviç kəsib. 

Qeyd edək ki, olimpiadada Azərbaycanı ümumilikdə 17 idmançı təmsil edir.