Azərbaycan seçməsi Polşaya yollanıb

Azərbaycanın 20 və 23 yaşadək ağırlıqqaldıranları Polşanın Zamots şəhərində oktyabrın 20-də start götürəcək gənclər arasında Avropa çempionatına yollanıblar.

SportLine.az Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə birinciliyində 8 idmançı mübarizə aparacaq. 20 yaşadək oğlanların mübarizəsində yalnız Rüstəm Qasımov (62 kq), bu yaş kateqoriyasında qızların yarışında isə Səbinə Əzimova (53 kq) qüvvəsini sınayacaq.

23 yaşadək oğlanların yarışında Məhəmməd Məmmədli (62 kq) və Paşa İbrahimli (69 kq) yarışacaq. Qızlardan isə Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (58 kq), Firuzə İbrahimova (63 kq) və Elnarə Abbasova (69 kq) körpücük üzərinə çıxacaq.  

Qeyd edək ki, 40-dək ölkədən 393 atletin (169 qadın + 224 kişi) yarışacağı qitə birinciliyinə oktyabrın 27-də yekun vurulacaq.