"Azərbaycanda məndən güclü nə qədər idmançı var?" - Şəhriyar Məmmədyarov

"Bu yarışdakı bütün idmançıların sponsoru var. Amma mənim kimi idmançının sponsoru yoxdur. Bütün yarışlara da öz hesabıma gedirəm". SportLine.az xəbər verir ki, bunu Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şəxsi "Facebook" hesabında yazıb.

"Sent-Lüis" beynəlxalq şahmat turnirində mübarizə aparan şahmatçı həddən artıq çox yarışda iştirak etdiyini deyib:

"Maqnus Karlsenlə görüşə yaxşı başladım. Sonra pis vəziyyət aldım və rəqib 5 saat məni məğlub etməyə çalışdı. Buradan bir nəticə çıxardım. 40-45 günlük turnirlərə son qoyacağam. Gərək, az oynayıb özümdə güc saxlayam".

Bu qədər çox turnirlərdə iştirakı "biabırçılıq" kimi dəyərləndirən idmançı, "Jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım, deyəm ki, pul. Deyə bilmədim ki, mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Hətta bütün yarışlara öz hesabıma gedirəm", - deyən Ş.Məmmədyarov, "Arada fikirləşirəm, bu ölkədə məndən güclü nə qədər idmançı var, mənə bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur, amma gücüm sonsuz deyil", - deyə bildirib.

Qeyd edək ki, Ş.Məmmədyarov davam edən "Sent-Lüis" beynəlxalq şahmat turnirində son tur ərəfəsində 4,5 xalla 2-ci pilləni bölüşür.