Bakıda BMX üzrə dünya test yarışı olacaq

2018-ci ildə Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar BMX Veloparkında Dünya Test Yarışı keçiriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Sportline.az-a verilən məlumata görə, oktyabrın 28-də start götürəcək test yarışına Rusiya, Fransa, Türkiyə, Yaponiya, Litva, Çexiya, İtaliya və Almaniyanın kişi və qadın komandaları qatılacaq.

İki gün davam edəcək turnirin proqramına əsasən, əvvəlcə iştirakçılar praktiki yürüşlərdə mübarizə aparacaqlar. Ertəsi gün isə final mərhələsi olacaq və Dünya Test Yarışının qalibləri müəyyənləşəcək.

Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaçaşı kütləsi toplayan idman növlərindən biridir. Avropa Oyunları ilə əlaqədar 2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu istifadəyə edilib. 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) qaydaları və stadionların ölçüləri dəyişdiyindən, Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-nin yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.

2018-ci ilin 5 – 9 iyununda Bakıda BMX növü üzrə təşkil olunacaq dünya çempionatı UCI-nin təqvim planında yer alır və kifayət qədər yüksək hesab edilən C1 kateqoriyasına aiddir.