Berti Foqts: AFFA rəhbərliyi məğlubiyyətə görə oyunçulara böyük məbləğdə mükafat ödəmək istəyirdi

Bakıda səfərdə olan Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts "Bild" nəşrinin suallarını cavablandırıb. Sportline.az xəbər verir ki, 71 yaşlı mütəxəssis maraqlı məqamlara toxunub...

- Azərbaycan seçməsi dünya çempionlarına ciddi təhlükə yarada bilərmi?

- Bu, çempionat matçına oxşayır. Hər bir komanda belə təəssürat oyada bilər. Almaniya millisi qalib gəlmək istəyirsə, azərbaycanlı futbolçuları səhvlər buraxmağa məcbur etməlidir.

- Azərbaycan millisi niyə belə təhlükəlidir?

- Heç-heçənin davam etdiyi müddətdə azərbaycanlı futbolçular inanılmaz dərəcədə özlərinə əmin olurlar. Bunu təsəvvür etmək belə çətindir. Mən təqribi müqayisə də apara bilərəm.

- Buyurun...

- Azərbaycanlı olsaydım, deyərdim ki, bu gün də Bundesliqada oynaya bilərəm.

- Bu inam hardandır?

- Ölkənin mentaliteti belədir! Amma elə ki, qol buraxırlar, oyunçular özlərindən şübhələnməyə başlayır, səhvlər buraxırlar.

- Beynəlxalq səviyyədə neçə azərbaycanlı oyunçu var?

- 5-6 futbolçu Bundesliqa və ya İngiltərə Premyer Liqasında oynaya bilər.

- Bəs niyə belə klublara keçmirlər?

- Şəraitlərinin həddən artıq yüksək olması böyük problemdir. Onlar çoxlu pul qazanırlar. Yaxud ola bilsin, "Xaricə getməlisiniz" sözlərimi tərcüməçilər oyunçulara düzgün çatdırmırlar (gülür - red.)

- Nəyə görə Azərbaycan yığmasındakı fəaliyyətinizi dayandırdınız?

- Elə bu cür məsələlər üzündən. İtaliyaya qarşı əla oyun sərgilədik. Həmin vaxt AFFA rəhbərliyi oyunçulara böyük məbləğdə mükafat ödəmək istəyirdi. Məğlubiyyətə görə! Mən isə onlara "Belə şey etməyin. Mükafatı dayandırın" dedim. Əsəbiləşmişdim.

- Siz Azərbaycanda çox şey qurmusunuz...

- Doğrudur. Amma bu, mənim işim idi. Əmin oldum ki, Azərbaycan çempionatında hər bir klubun start heyətində ən azı 4 yerli oyunçu, o cümlədən, 21 yaşadək futbolçu yer almalıdır. Buna görə klubların baş məşqçiləri ilə böyük problemlər yaşadıq.