Beyl İngiltərəyə qayıdır?

"Beyl daha çox meydanda olmaq və "Qızıl Top"u qazanmaq istəyir. Məncə, o, buna layiqdir". SportLine.az xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Qaret Beylin meneceri Conatan Barnett keçirdiyi mətbuat konfransında deyib.

"Telegraph"ın yaydığı məlumata görə, C.Barnett uelsli hücumçunun karyerası ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. 

O, Q.Beylin Premyer Liqaya qayıtma ehtimalının olduğunu desə də, hansı komandaya keçəcəyini söyləməyib:

"Fikrimcə, Beyl dünyanın 3-4 ən güclü futbolçusundan biridir və buna görə də, ona layiq olduğu qiymət verilməlidir. Beyl ehtiyat oyunçular skamyasında yox, meydanda olmalıdır. Futbolçu da indiki vəziyyətdən narahatdır. Hazırda karyerasının ən yaxşı vaxtlarıdır və o, nələrisə sübut etməlidir. Bunun üçün isə oynamaq, özünü göstərmək lazımdır".

Futbolçunun "Arsenal"a keçmə ehtimalı ilə bağlı səsləndirilən suala C.Barnett, "Mənim Aya getmək ehtimalım daha yüksəkdir", - deyə cavab verib. 

Qeyd edək ki, Q.Beyl ötən mövsüm "Real"ın heyətində 26 oyuna çıxıb, 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.