Bir günlük yaddaşla, paylaşımlarla torpaq qayıtmaz

Bu gün də futbolu xatırlayacam, müharibə futbolunu...

Ağdam, Xocalı, Füzuli, Tovuz, Cəbrayıl, Qazax, Bərdə, Ağstafa, Şərur...

Bir tərəfdə müharibə, bir tərəfdə dolu tribunalar.

Xocalının da komandası var idi. Həvəslə oyunlara gedirdik. Bilirdik ki, geri qayıtmaya bilərik. Heç bu barədə düşünmürdük də...

Yerli əhali, əsgərlər qonaq komandaları, hakimləri, Bakıdan gələn nümayəndə heyətlərini görəndə ruh yüksəkliyi qalxır, özlərini atılmış, tənha hiss etmirdilər. Heç kim ev-eşiyini, torpağını atıb getmək, qaçmaq haqqında düşünmürdü...

Cəbhə bölgəsində birinci dəstə oyunlarına da özümüz, aparıcı hakimlər gedirdi. Füzulidə döyüşlər gedə-gedə 5 min azarkeşin izlədiyi "Ərgünəş" - "Qafqaz" (Balakən) oyunu indi də gözümün önündədir. Oyunu idarə edə-edə səmada "kobra"ların qartallar kimi süzdüyü, döyüşə atıldığını, tribunalarda isə minlərlə insanın çılğınlıqla futbola baxdığı hafizələrdə ömürlük həkk olunub. Heç kimdə qorxu hissi yox idi...

Cəbrayılda qonaq Cəlilabad "Ümid"ini rəqib kimi deyil, doğmaları kimi qarşılayırdılar. Baş məşqçiləri də sıradan biri deyildi, Azərbaycan futbolunun gəlmiş-keçmiş ən güclü simalarından biri Serqey Kramarenko idi. Futbolda qələbə, məğlubiyyət düşünülmürdü.

Əsas düşmənlər üzərində qələbələrin qazanılması idi...

Tovuzda növbəti görüş öncəsi stadiona düşmən mərmisi atılmışdı. Xoşbəxtlikdən "qrad"lar tribuna, meydana deyil, bazanın önünə düşmüşdü. "Voronka"sına bir-iki maşın yerləşərdi. "Turan"ı izləməyə isə 10 min azarkeş gəlmişdi. Heç kim düşünmürdü ki, hər an yenidən top atəşləri baş verə və onlarla azarkeş, məşqçi, futbolçu, hakimlər evlərinə qayıtmaya bilərdi. Ruhən buna hazır idik. Hər kəs özünü səngərdəki əsgərlərimizin yanında, yerində hiss edirdi. Hamı qələbəyə inanırdı. Milli ruh, inam, birlik vardı...

Bərdədə "Qarabağ"la görüşdə bir tribunaya baxırdım, əli silahlı Ağdam batalyonu, əks tribunada isə tam silahlanmış Bərdə batalyonu.

Onların bir çoxu üçün son futbol azarkeşliyi olurdu bu görüşlər. Torpağın qorunmasına, şəhidlik zirvəsinə Vətəni sevə-sevə gedilirdi.

Hər bir döyüşçü hər qarış torpağı doğma ana bilirdi...

Ağdamda son idarəçiliyimi xatırlayıram. Meydanda futbol, şəhərin ətrafında, kəndlərdə isə amansız döyüşlər. Yaşıl meydandan hər birimiz döyüşə atılmağa hazır idik. Zatən belə ruh olmasaydı Ağdamda olmazdıq...

İndi isə tək Xocalı, Füzuli, Xankəndi, Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı, Ağdam stadionları boş qalmayıb. Artıq Ağcabədi, Bərdə, İmişli, Lənkəran, Qusar, Masallı, Cəlilabad, Şirvan, Balakən, Qax, Ağstafa, Mingəçevir, Quba, Şamaxı və digər şəhər və rayonlarımız da çoxdandır böyük futbolsuz qalıb...

Bölgələrimizə gedən yollar Avropaya dəyişdirilib. İstedadlı kənd balalarımızın yerini "Arçax"a gedən milliləşdirimiş təklifində olan futbolçular tutur. Klublar Bakıya sığınıb.

Hər şey birdən baş verdi...

İndi Quzanlıda da futbol oynamaq istəmirlər. Yad, kimsəsiz torpaq bilirlər.

Bakıdakı gül-çiçəklərdən fərqli Quzanlıdan Ağdam, Xocalı, Şuşa, Xankəndi, Murovdağ yolu görünür...

Tahir Süleymanov.




Tahir Süleymanov