"Bizim üçün vacib olan bütün oyunlarda qalib gəlməkdir" - "Neftçi"nin baş məşqçisi

Futzal üzrə Yüksək Liqada mübarizə aparan "Neftçi" İK komandasının baş məşqçisi İlqar Aslanov əzəli rəqibləri EKOL-la keçirəcəkləri oyundan əvvəl federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. SportLine.az həmin müsahibəni təqdim edir...

- Qış fasiləsindən sonra 2 oyununuz təxirə salındı. Buna görə də 2018-ci ildə siftəni "Xəmsə”yə qarşı etdiniz. Fasilənin uzun olması oyununuza nə kimi təsir göstərib?

- Fasilənin çox olması oyunumuza yaxşı təsir etməyib. Düzdür, qələbə qazandıq. Vacib olan bu idi. Çünki bu komanda ilə ikinci dövrənin oyununda xal itirmişdik. Bu dəfə turu itkisiz başa vurduq. Oyunumuz tədricən öz axarını tapacaq.

- Fasilədə iranlı oyunçulardan ikisini yola saldınız. Əvəzində başqa futzalçılarla güclənəcəyiniz deyilirdi. "Xəmsə”yə qarşı onları oynatmamağınız nə ilə bağlıdı?

- Açığı, baxışa bir braziliyalı futzalçı gəlmişdi, onun oyunundan razı qalmadıq. Çox zəif təsir bağışladı. Ondan başqa, 2 oyuçunu da sınaqdan keçirdik. Təəssüf ki, ümidlərimizi doğruldan olmadı. 

- İndi bir yeni transferin ümidinə qalmısınız?

- Elə deməzdim. Bir neçə oyunçu var ki, adlarını iştirak ərizəsinə daxil etmişik. Sadəcə, bəzi problemlər yoluna qoyulmalıdır. Birinin pasportu ilə bağlı çatışmazlıq var.

- "Xəmsə” ilə oyunda fasilənin uzun olmasının fəsadlarını hiss etdiyinizi dediniz. Bəlkə rəqibin autsayder olması oyununuza təsir edib?

- Niyə ki? Bu komanda ilə əvvəlki oyunda xal itirmişdik. 2:2 hesabı ilə başa çatan oyunu unutmamağı və təkrarlamamağı tapşırmışdım.

- Növbəti turda əzəli rəqibiniz EKOL-la qarşılaşacaqsız. Rəqibin oyununu da izlədiz. EKOL fasilədən sonra necə təsir bağışladı?

- EKOL oturuşmuş komandadır. Heyətinin üzvləri illərdir bir yerdə çıxış edirlər. Çempionatın güclü kollektivlərindən biridir. Bu komandaların oyunu hər zaman derbi hesab edilib. Bu dəfə də istisna deyil. Turnir cədvəlindəki mövqelərdən asılı olmayaraq, komandalar öz aralarındakı oyuna başqa cür motivasiya olurlar. 

- EKOL meydana kapitan Namiq Məmmədkərimovsuz çıxacaq. Onun yoxluğu "Neftçi” üçün üstünlük ola bilər?

- Namiq təcrübəli oyunçudur və meydanda olduğu müddətdə komandasına köməyi dəyir. Ancaq onun yoxluğunun bizim üçün avantaj olacağını deməzdim. EKOL-un geniş heyəti var. 

- EKOL üçüncü dövrəyə yaxşı başlamayıb. Komanda 3 oyuna cəmi 1 xal qazanıb. "Marafon Futsal” da turu məğlubiyyətlə başa vurub. Sizdən öndə olan rəqiblərə çatmaq üçün "Neftçi” bu fürsətdən istifadə edə biləcəkmi?

- Xal baxımından "Marafon Futsal”dan çox geri qalırıq. Onların məğlub olması ikinci pillə uğrunda intriqanı bir qədər artıracaq. Ancaq onları qabaqlamağımız çətindir. Bizim üçün vacib olan bütün oyunlarda qalib gəlməkdir.

- "Neftçi”nin cari mövsümə istədiyi kimi başlaya bilməməsi nəyin nəticəsidir?

- Çünki heyətimizdə dəyişikliklər oldu. Kapitanımız Fərid Atakişiyev EKOL-a yollandı. Faiq Əliyevlə Rəcəb Fərəczadə "FK.İD.Futsal”a keçdi. Özü də bu keçidlər son anda oldu və gedənlərin yerini doldura bilmədik. Legionerlər dəvət etdik, onlar da komandaya gec qoşuldular. 

- Əvvəlki illərlə müqayisədə Yüksək Liqada ab-hava necədi?

- Açığı, maraqlı çempionat izləyirik. Rəqabət var. Əvvəlki illərdə ikinci pillə uğrunda "Neftçi” və EKOL yarışırdı, ancaq indi "Marafon Futsal” və "FK.İD.Futsal” da bu mübarizəyə qoşulub. "Yasamal” da nəfəsini hiss etdirir.