"Bu dəfə titul qazanmaq daha çətin olacaq" - Hacı Əliyev

Bu gün Olimpiya Güləş Mərkəzində keçirilən açıq məşq zamanı sərbəst güləş yığmamızın aparıcı üzvlərindən Hacı Əliyev də jurnalistlərin suallarını cavablandırıb. 

SportLine.az xəbər verir ki, üçqat dünya çempionunun hədəfi dəyişilməz qalır: “Gördüyünüz kimi, hazırlığımız davam edir. Bu il ərzində 6, ya 7-ci təlim-məşq toplanışımızı keçirik. Bir neçə gün sonra Belarusa yollanacağıq. Orada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Ancaq əsas hədəfimiz oktyabrın axırlarında keçiriləcək dünya çempionatıdır. 4-cü dəfə dünya çempionu olmaq istəyirəm. Bu dəfə titul qazanmaq daha çətin olacaq. Çünki əvvəllər 61 kq-da iştirak edirdim. İndi isə 65 kq-da güləşirəm. Yeni, güclü rəqiblər var. Amma əlimdən gələni edəcəyəm ki, yenə dünyanın ən güclü güləşçisi olum”. 

Titullu pəhləvanımız heç bir rəqibdən çəkinmədiyini də deyib: “Bütün rus güləşçiləri güclüdür. Lakin heç bir rəqibdən çəkinmirəm. İstənilən güləşçiylə qarşılaşmağa hazıram. Qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Türkiyə ilə birgə təlim-məşq toplanışında fəndlərimi gizlətməyə çalışmıram. Onsuz da rəqiblər yarışlardakı görüntülərimi izləyir. Nəyisə gizlətməyə ehtiyac yoxdur. Əksinə, məşqlərdə sevimli fəndlərimdən daha çox və daha sürətli istifadə etməyə çalışıram”.

Azərbaycan Güləş Federasiyasının məlumatı