"Bu hərəkətimə görə peşmanam" - Roberto Bordin

“Yaxşı rəqibə qarşı oynadıq, onlar da qələbə qazanmaq istəyirdilər. Qələbəyə görə komandamızı təbrik edirəm. Kifayət qədər yaxşı oynadıq və liderliyimizi möhkəmləndirdik. Rəqibə gəlincə, onlar sonuncu pilləyə layiq deyillər”.

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

İlk hissənin son dəqiqələrində rəqib baş məşqçisi Samir Abasovla münaqişəniz oldu. Bu, nə ilə əlaqədar idi?

- Bunu konflikt kimi qeyd etməzdim. Sadəcə, bir-birimizi başa düşmədik. Hərəkətimizlə komandamızı pis vəziyyətdə qoyduq. Bu hərəkətimə görə peşmanam.

Mirabdulla Abbasov son zamanlar karyerasının zirvəsindədir. Onu milliyə layiq görürsünüz?

- Əlbəttə, hansısa futbolçumun milliyə dəvət alması sevindirici haldır. Mirabdulla yaxşı futbolçudur, öz üzərində çalışır.

Komanda qol vuranda müdafiəyə çəkilir, bundan sonra isə arxa xətdə səhvlər edirsiniz. Buraxılan qollar sizi narahat etmir?

- Futbol müdafiə və hücumdan ibarətdir. Düşünmürəm ki, biz arxaya çəkilirik, lazım olanda hücum edirik. İmkan düşdükcə boşluqlar tapıb qol vurmağa çalışırıq. Düşünmürəm ki, müdafiə futbolu oynayırıq.