"Bu oyun bizim üçün yaxşı sınaq oldu" - Qara Qarayev

Millimizin üzvü Qara Qarayev Antalya toplanışı çərçivəsində Moldova ilə keçirilən yoxlama oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq oyun haqda danışıb.

- Yeni sistemi tətbiq etməyə çalışırdıq. Sözsüz ki, qalib gəlməyi də istəyirdik. Ancaq alınmadı. Çatışmayan cəhətlərimiz oldu. Komanda olaraq yaxşı müdafiə oluna bildik və topu özümüzdə saxlayırdıq. Vaxtımız var və inanıram ki, növbəti matçlarda bu səhvləri aradan qaldıra biləcəyik.

- Yoxlama oyunu olsa da, komandada ilk dəqiqələrdə həyəcan var idi…

- Uzun müddətdi ki, millidə oyun keçirmirik. Müəyyən qədər fasilə yaranmışdı. Yenidən bu formayla oyuna çıxdıq və 10-15 dəqiqə belə ola bilər. Daha sonra oyun zamanı hər şey qaydasına düşdü.

- Moldova gözlədiyinizdən daha güclü idi?

- Moldovanı çoxları zəif saya bilər. Qrupumuz üçün də bariz nümunədir. Amma bu gün artıq hər kəs futbol oynaya bilir. Hamı müdafiə olunmağı bacarır. Bu oyun bizim üçün yaxşı sınaq oldu.

- Komandanın komplektləşməsi üçün sentyabra qədər qalan 6 ay bəs edər ?

- Çempionat başlayandan sonra da futbolçular öz formasını bərpa edəcək. Bu da bizə çox kömək olacaq.

Qol.az