Cəbrayıl Həsənov haqsızlıqdan danışdı

ABŞ-dakı Dünya Kubokunda Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının bəzi üzvlərinə qarşı hakimlər tərəfindən haqsızlıq edilib.
 
SportLine.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Avropa çempionu Cəbrayıl Həsənov deyib.
 
Güləşçi final görüşündə məğlub olmasına belə münasibət bildirib: "Final görüşündə ilk saniyələrdə fənd işlətdim. Lakin hakimlər 4 xal verməli olduqları halda, fəndimi 2 xalla qiymətləndirdilər. Son saniyələrdə yenə 2 xallıq fənd işlətdim, xalı rəqibə verdilər. Yəni tək mən yox, bəzi komanda yoldaşlarımıza qarşı da haqsızlıq olundu". 
 
Bununla belə, Həsənov Dünya Kubokunda ikinci yeri komandası üçün Avropa çempionatı öncəsi böyük uğur sayıb: "Sonuncu dəfə 2012-cu ildə Bakıda ikinci yeri tutmuşduq. Avropa çempionatında əlimizdən gələni etməyə çalışacağıq".