Çingiz Hüseynzadə: "Azərbaycan Güləş Federasiyasında müəyyən böhran var"

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin “Report”a müsahibəsi:

- Olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasından dəvət aldığına dair xəbərlər, eləcə də Azərbaycan Güləş Federasiyasındakı problemlər nədən qaynaqlanır?

- Əsgərovun Türkmənistana getməsi məsələsindən məlumatım yoxdur. Azərbaycan Güləş Federasiyasındakı ümumi vəziyyət isə hamıya məlumdur. Məncə, Toğrul indi müalicə olunur. Başqa məlumatım yoxdur.

- “Vəziyyət hamıya məlumdur” deyərəkən, nəyi nəzərdə tutursunuz?

- Müəyyən böhran var. Çox yerdə böhran mövcuddur, federasiyada da həmçinin. Ümid edirəm ki, yaxın vaxtlarda həll edərlər.

- Azərbaycan Güləş Federasiyasının rəhbərliyində dəyişiklik gözlənilirmi?

- Gözlənilmir. Bu, federasiyanın daxili işidir.

- Sözügdən federasiyanın prezidenti vergilər naziri Fazil Məmmədovdur. Vergilər Nazirliyi isə imkanlı təşkilatdır...

- Mən bilmirəm, vergilərimi vaxtı-vaxtında verirəm, başqa şeylərdən xəbərim yoxdur.

- Belə başa düşdük ki, oradakı vəziyyət aydınlaşmayıb...

- Bu, federasiyanın daxili məsələsidir. Yəqin ki, özləri həll edəcəklər. Bizim səlahiyyətlərimiz xaricindədir.

- Müdaxilə etməyə lüzum görmürsünüz?

- Hələ ki lüzum yoxdur. Adətən, federasiyaların işinə Yay Olimpiya Oyunlarına hazırlıq prosesində müdaxilə edirik. Bizi maraqlandıran məsələlər olimpiada ilə bağlıdır. Gündəlik məsələlərə qarışmırıq, federasiya - ictimai təşkilatdır.

- Məlumat var ki, federasiya tərəfindən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarından sonra da idmançılara mükafat verilməyib...

- Bilmirəm, mükafat verilib, ya yox. Ancaq dövlət tərəfindən bütün mükafatlar verilib. Hesab etmirəm ki, idmançılar narazı qalar.

- İdmançıların aldıqları mükafatdan hansısa xeyriyyə təşkilatlarına vəsait köçürmələri barədə nəsə eşitmisiniz?

- Onu bilmirəm. Bu, hər bir idmançının şəxsi təşəbbüsü ola bilər. Bundan məlumatım yoxdur.

- Ölkə idmanında böhrandan çıxmaq üçün hansısa anti-böhran planı var? 

- Yox, ölkə idmanında vəziyyətdən çıxılır, bizdə böyük problemlər yoxdur. Heç bir problem görmürəm. 

- II Avropa Oyunlarını təşkil edəcək Minsk şəhəri Bakının hansı təcrübəsini öyrənmək istəyir?

- Azərbaycanın bütün təcrübəsini öyrənirlər və lazım olan bütün məlumatlar onlara verilir. Əlbəttə, ilk Avropa Oyunları zamanı Azərbaycanda yaradılmış şəraiti, təşkilatçılığı təkar edə bilməyəcəklər. Amma öz səviyyələrində yüksək hazırlıq görməyə çalışırlar.