Cüdoçularımız ilk günü medalsız bitirdi

Gürcüstanın paytaxtı Tiflis şəhərində cüdo üzrə Qran-pri turniri start götürüb.

SportLine.az xəbər verir ki, ilk yarış günündə üç cüdoçumuz tatamiyə çıxıb. Ən yaxşı nəticə Oruc Vəlizadənin aktivinə yazılıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 5-ci yerlə kifayətlənib.

Eyni çəkidə mübarizə aparan Sadiq Məhərrəmov ilk qarşılaşmasında rusiyalı Albert Monquşa ilə üz-üzə gəlib. Avropa Kubokunun sahibi startdaca məğlubiyyətə üzülüb.

66 kq-da yarışan Elçin Hüseynov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ilk döyüşündə hollandiyalı Mattiy van Hartenlə qarşılaşıb və ipponla qalib gəlib. İkinci cəhdində Şaxram Əhmədovla (Özbəkistan) qüvvəsini sınayan Hüseynov tatamidən məğlub ayrılıb. 

Qeyd edək ki, yığmamız Qran-priyə 8 cüdoçu ilə yollanıb.