Daha bir gimnastımız Olimpiadaya vəsiqə qazandı

Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına yekun vurulub.

SportLine.az xəbər verir ki, 54 kişi idman gimnastı arasında çoxnövçülük mübarizəsində Azərbaycan təmsilçisi Səməd Məmmədli 77.931 xalla sıralamada 7-ci yeri tutub. 

Ağamurad Qəhrəmanov 6 alətdə göstərdiyi nəticələrə əsasən, ümumilikdə 74.032 xalla 21-ci yerdə qərarlaşıb.

Qadın idman gimnastlarının təsnifat yarışlarında isə Samirə Qəhramanova çoxnövçülükdə 43.665 xal toplayaraq, 41 gimnast arasında 28-ci olub.

Qaydalara əsasən, həm kişi, həm də qadın idman gimnastları arasında hər ölkədən yalnız 1 nəfər olmaqla, ən yaxşı nəticəni toplamış 17 gimnast 6 - 18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş sayılır. İlkin hesablamalara əsasən, Səməd Məmmədli Oyunlara vəsiqəni təmin edib.

Lakin lisenziyaların təyin olunması haqda rəsmi məlumatın gələn həftə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqlənəcəyi gözlənilir. 

Azərbaycan Gimnastika Federasiyasının məlumatı