Daha iki taekvondoçumuz mübarizəni dayandırdı

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir. Sportline.az xəbər verir ki, yarışın növbəti günündə daha 2 idmançısımız qüvvəsini sınayıb. Yarışa inamla başlayan taekvondoçularımız ilk iki döyüşü qələbə ilə başa vursalar da, növbəti qarşılaşmadan məğlub ayrılıblar. Belə ki, Ayxan Tağızadə (68 kq) livanlı Rayan Delbani (22:11), ardınca Səudiyyə Ərəbistanı təmsil edən İbrahim Saudu (11:3) mübarizədən kənarlaşdırıb. Lakin o, Yu-Jen Huangla (Çin Taypeyi) görüşdə uğurlu seriyasını davam etdirə bilməyib və məğlubiyyətə üzülüb. Fəridə Əzizova (67 kq) üçün də hər şey uğurla başlayıb. O, Faber İsabellanı (Lüksemburq) 24:1, Vanessa Koerndlini (Almaniya) 7:6 hesabı ilə məğlub etsə də, koreyalı Yan Di-Kimə 0:7 hesabı ilə uduzub. Qeyd edək ki, mundialın 4-cü günündə Fizam Mehtiyev (58 kq) bacarığını göstərəcək.