DÇ: İslam Abbasov bürünc medal qazandı

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatına start verilib.

SportLine.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan yunan-Roma güləşçilərindən ikisi mübarizəyə başlayıb. Ramiz Məmmədov 1/8 finalda macar rəqibinə elə ilk hissədə qalib gəlməyi bacarıb. Lakin o, 1/4 finalda gərgin mübarizə şəraitində keçən görüşdə iranlıya uduzub. Rəqibi finaladək irəliləyə bilmədiyindən, Məmmədov təsəlliverici görüşlərə qatılma şanslarını itirib. 

İslam Abbasov da 1/8 final mərhələsini rahat keçib. O, Yaponiya təmsilçisini ilk hissədə məğlub edib. Növbəti görüş isə ağır keçib. Bununla belə, Abbasov gürcüstanlı güləşçinin də öhdəsindən gələrək adını yarımfinala yazdırıb. Lakin ağır çəkili pəhləvan finala yüksələ bilməyib. Ukraynalı rəqibi ilə görüşdə uduzan Abasov bu gün bürünc medal uğrunda görüşdə Misir təmsilçisi ilə üz-üzə gəlib. İlk hissəni 0:3 hesabı ilə geridə başa vuran azərbaycanlı pəhləvan ikinci hissədə əzmkarlıq nümayiş etdirib və sona yarım dəqiqə qalmış hesabı bərabərləşdirib. Beləliklə, sonuncu xal prinsipinə əsasən, Abbasov ötən ilki dünya çempionatında olduğu kimi, yenə bürünc medal qazanıb.

63 kq

1/4 final. Ramiz Məmmədov - Meysam Kərəməli Dalxani (İRİ) 4:5
1/8 final. Ramiz Məmmədov - Marton Yaş (HUN) 9:0

87 kq

Bürünc medal görüşü. İslam Abbasov - Məhəmməd Mustafa Metvalli (EGY) - 3:3
1/2 final. İslam Abbasov - Semyon Novikov (UKR) - 5:8
1/4 final. İslam Abbasov - Qurami Xetsuriani (GEO) 2:1
1/8 final. İslam Abbasov - Kanta Şiokava (JPN) 9:0