Dünya çempionatında 5 mükafat

Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 Dünya çempionatı başa çatıb. Sportline.az xəbər verir ki, 19-23 yaşlı idmançılar arasında ilk dəfə keçirilən çempionatı yığma komandamızın üzvləri 5 bürünc medalla başa vurublar.

İlk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Komandamızın üzvlərindən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal qazanıb. Nəsir Həsənov (75 kq) isə beşinci yerdə qərarlaşıb.

Qadın güləşçilərin mübarizəsini də yığmamızın üzvləri 2 bürünc medalla tamamlayıb. Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Alyona Kolesnik (58 kq) isə beşinci yeri tutub.

Son yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərin qazancı isə 1 bürünc medal olub. 57 kq çəkidə yarışan Pərviz İbrahimov çempionatı üçüncü sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.