Dünya çempionu Şamaxıda güləş məktəbi açıb

Şamaxı şəhərində məşhur güləşçi Oleq Krapivin adına "Şirvan" güləş klubunun açılışı olub. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Kikboks Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevvə deputat Kamran Nəbizadə, Ukrayna Güləş Federasiyasının prezidenti Elbrus Tedeyev və veterananlar arasında dünya çempionu Oleq Krapivin çıxış edib.

Tədbirdə bildirilib ki, Azərbaycan idman ölkəsidir və bütün beynəlxalq yarışlarda layiqincə təmsil olunur. Bu il Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranmasının 25 illiyidir. Bu illər ərzində prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, olimpiya və dünya çempionatlarında Azərbaycan bayrağı ucaldırlır. Oleq Krapivin adını daşıdığı idman məktəbində gələcəyin çempionları və sağlam gəncləri yetişəcək.

İdman məktəbində müasir standartlara cavab verən trenajor avadanlığı və böyük güləş zalı var.

Qeyd edək ki, güləş məktəbi Oleq Krapivinin şərəfinə təşkil olunmuş V açıq respublika turniri çərçivəsində açılıb. Yarışdan əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Şamaxıdakı abidəsinin qarşısına gül dəstəsi qoyublar. Onların arasında Azərbaycan, Ukrayna, Qırğızıstandan olan güləş federasiyalarının və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.