Dünya üçüncüsü olan yeniyetmə sərbəst güləşçilərimiz Vətənə qayıdıblar

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında  1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında üçüncü olan sərbəst güləş seçməmiz  bu gün Vətənə qayıdıb. 
Sportline.az AGF-nin saytına istinadən xəbər verir ki, bütün rəqiblərindən üstün olan Əlihəsən Əmirli (42 kq) qızıl medal, yalnız final görüşündə uduzan Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş medala yiyələnib. Bürünc medalı isə yığmamıza Hacımurad Hacıyev (63 kq) qazandırıb. 

Ümumilikdə isə güləş yığmalarımız çempionatı 3 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurub. Yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala sahib olub.  

Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Güləş Federasiyasının rəsmiləri, yığma komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb. 
 

Yarış təəssüratlarını media nümayəndələri ilə bölüşən yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov qazanılan nəticənin qənaətbəxş olduğunu bildirib: 

"Hər il olduğu kimi bu dünya çempionatı da çox gərgin keçdi. İlk yarış günündə idmançılarımız yaxşı start götürdü. Bildiyiniz kimi, dörd finalçımız vardı. Ancaq onlardan biri çempion oldu. Digərləri son saniyələrdə qələbəni əldən verdilər. Mən heç vaxt hakim ədalətsizliyi barədə danışmamışam. Ancaq bu dəfə həqiqətən 58 kq çəki dərəcəsinin finalında hakim ədalətsizliyi ilə üzləşdik. Çempionların sayı artıq ola bilərdi. Komanda hesabında üçüncü olduq. Ümumi nəticəni qənaətbəxş saymaq olar."

Çempionata böyüklərdən ibarət yığma komanda ilə birgə təlim-məşq toplanışlarında hazırlaşdıqlarını deyən Əsgərxan Novruzov növbəti hədəflərinin 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarında yüksək nəticə qazanmaq olduğunu bildirib: 

"Bir müddət əvvəl böyüklər arasında Dünya çempionatı yarışları keçirildi. Hazırlığımızın bir mərhələsini də məhz onlarla bir yerdə davam etdirdik. Yaxşı hazırlıq keçdik. Komandanın bir yerə toplanıb hazırlanması öz bəhrəsini göstərdi. Qarşıda yarışlarımız çoxdur. Ancaq əsas məqsədimiz gələn il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir. Bundan əvvəl isə təbii ki, yaxşı hazırlaşıb Avropa çempionatında uğurla çıxış etməyə və Olimpiya Oyunlarına lisenziyaları qazanmağa çalışacağıq."

Çempionluq sevincini bölüşən Əlihəsən Əmirli növbəti hədəfinin yeniyetmələrin Olimpiya Oyunlarını qalib başa vurmaq olduğunu bildirib:

"Ardıcıl olaraq ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqiblərimi mübarizədən kənarlaşdıraraq finala yüksəldim. Bütün rəqiblərimə tam üstünlüklə qalib gəldim. Finalda özbək idmançısını da məğlub edib çempion adını qazandım. Şükürlər olsun ki, Vətənimizin bayrağını qaldırıb, himnimizi səsləndirdim. Qarşıdakı yarışlarda da uğurla çıxış etmək istəyirəm. Növbəti hədəfim gələn il keçiriləcək Olimpiya Oyunlarında qalib olmaqdır."