Dünyanın ən xoşbəxt bədbəxti

Onun adı gələndə, istər istəməz çöhrələrə təbəssüm qonur. Ağ-qara kadrlara nur saçan siması xatırlanır, xoş duyğular oyanır. Söhbət ondan, bu günün və dünənin qəhrəmanından - Anatoli Banişevskidən gedir. Şöhrətin zirvəsindən boylanan sadə baxışları, şərəfini qoruduğu Neftçiyə, doğulduğu şəhərə, Vətəninə sadiqliyi ilə xatırlanır, bu mehriban, gülərüz bakılı balası. Çoxlarının ağlını başından alacaq təkliflərə yox deməklə qazandığı düşmənlərin nifrəti, nefçisevərlərin sonsuz sevgisi qarşısında nə mənə idi ki...

Təəssüf, cox təəssüf ki, sonradan onu uçuruma yuvarladacaq təkliflərə yox deməyi bacarmadı. Onu dağ başına ucaldan şöhrəti öz başına bəla oldu. Şöhrətpərəst “dostlar” üçün Banişevski ilə bir masa arxasında əyləşmək xoşbəxtlik sayılardı. Bununla qürur duyar, qürrələnərdilər. Sonradan onların əsl siması üzə çıxacaq, 100 ilin tənhalığına dost olacaq unudulmuş  dahi həmin günləri təəssüflə xatırlayıb, kədərlə gülümsünəcəkdi. Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində quranlar idi, açılmaz qapılara yol tapan, amma, həyatının son dönəmində üzünə qapılar bağlanan futbolçuya biganə qalanlar. Amansız xəstəliyə belə erkən boyun əyməzdi bəlkə də. Biganəliyə,  vəfasızlığa, dünyanın faniliyinə boyun əydi.

Bütün bunlara rəğmən, o tanrının xoşbəxt bəndələrindəndir. Həyatın xoş üzündən bezəcək dərəcədə bəxtəvərlərin ən böyük arzusu onun qədər, onun kimi xatırlanmaq olardı yəqin ki. 71 yaşlı o qədər varlığı ilə yoxluğu bilinməyən, ürəklərə yol tapa biməyənlərlər var ki... Onların sayı milyonlarlardır. Onun kimilərin yeri isə, milyonların ürəyindədir. Ürəyimizdə rahat uyu, dünyanın ən xoşbəxt bədbəxti. Narahat olma, sən oranın daimi sakinisən.