Qasımov gümüş, Mehdiyev və Kindzerska bürünc medal qazandı

Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günü Azərbaycan cüdoçusu Elmar Qasımovun uğurlu çıxışı ilə yadda qalıb.

100 kq çəkidə qüvvəsini sınayan 27 yaşlı idmançı ardıcıllıqla özbəkistanlı Aklmurodbek Xudoyberdiyev, rusiyalı Asxab Kostoyev və portuqaliyalı Jorje Fonsekanı məğlub edərək finala çıxıb. Qasımov həlledici görüşdə israilli Piter Palçiklə üz-üzə gəlib. Əlavə vaxtda uduzan idmançımız gümüş medalla kifayətlənib.

90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev israilli Li Koçman, çinli Hebilige Bu və gürcüstanlı Uşangi Margianini üstələdikdən sonra yarımfinalda rusiyalı Mixail İqolnikovla bacarmayıb.O, bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan Toma Serciu ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz bürünc medala yiyələnib.

78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska 1/4 finalda ukraynalı Qalina Tarasovaya uduzduqdan sonra təsəlliverici görüşdə slovakiyalı Anamari Velensekdən güclü olub. O, bürünc medal uğrunda çinli Yan Vanqı məğlub edib və fəxri kürsüyə yüksəlib.