Elmar Qasımov yığmadan kənarda qaldı

Oktyabrın 28-30-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamızın baş məşqçisi Peter Zayzenbaherin başı məhkəmə çəkişmələrinə qarışsa da, yığmamız turnirə qatılacaq. “Böyük dəbilqə”nin startı ilə Rio-2016-da iştirakçılarımızın bəzilərinin istirahət də bitəcək.

Belə ki, məşqçilər korpusu Olimpiyaçılarımızdan Rüstəm Orucovla (73 kq) Məmmədəli Mehdiyevi (90 kq) yarışa aparmağı məqsədəuyğun hesab edib. Onlardan fərqli, Rioda tatamiyə çıxan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokuari (+100) növbəti turnirlərdə “tilsimi qıracaqlar”.

Abu-Dabidə yığmamızın şərəfini Olimpiadanın gümüş medalçı Orucov və iştirakçısı Mehdiyevlə yanaşı, Oruc Vəlizadə, Mehman Sadıqov (hər ikisi 60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (hər ikisi 66 kq), Fəqan Quluzadə (73 kq), Elvin Əhmədli, Ruslan Fərruxzadə (hər ikisi 81 kq), Firudin Dadaşov (90 kq), Elxan Məmmədov və Cəlil Şükürov (hər ikisi 100 kq) qoruyacaqlar.

Turnirdə ümumilikdə 35 ölkədən 200 cüdoçunun iştirakı gözlənir.