Federasiya prezidenti Şəkidə idmançılarla görüşdü

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Şəkidə təlim-məşq toplanışında olan milli komandanın üzvləri ilə görüşüb.

SportLine.az-ın federasiyanın saytına istinadən verdiyi məlumata görə, o, Şəki Olimpiya İdman Kompleksində bir həftəlik hazırlıq keçən idmançıların məşqlərini izləyib və komanda heyəti ilə iclas keçirib.

Tədbirdə qarşıdakı Avropa çempionatına son hazırlıq mərhələsindən danışılıb. Federasiya rəhbəri 10-13 may tarixlərində Serbiyanın Novi Sad şəhərində qitə çempionatında milli komandaya uğurlar arzulayıb. Görüşdə Azərbaycan Şotokan Karate Federasiyasının (AŞKF) 1-ci vitse-pezidenti Vilayət Əmirov və Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov da iştirak edib.

Y.Bəşirov karateçilərin məşqləri üçün yaradılmış şəraitə görə kompleksin rəhbərliyinə və V.İskəndərova minnətdarlığını bildirərərək, ona federasiyanın yaranmasının 20 illik yubileyi münasibətilə xatirə medalını təqdim edib.

Qeyd edək ki, Şəkidə təlim-məşq toplanışı başa çatdıqdan sonra idmançılar daha bir həftə paytaxtdakı təlim-məşq bazasında hazırlıqları davam etdirəcəklər.