Firdovsi Umudov: "Biz birinci yerə iddialı idik"

"Final görüşündə pərdəarxası çox şeylər var idi. Biz birinci yerə iddialı idik. Hakimlər Cəbrayıl Həsənovu açıq-aşkar məğlubiyyətə uğratdılar".

Sportline.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləş yığmasının ABŞ-da keçirilmiş Dünya Kubokunda ikinci yeri tutmasına münasibət bildirərkən baş məşqçi Firdovsi Umudov deyib.

Təcrübəli mütəxəssis əvvəlcə komandanın çıxışını dəyərləndirib: "Dünya Kubokunda planetin 8 ən güclü komandası yer almışdı. Bizim yarımqrupda Kuba, Qazaxıstan və Monqolustan var idi. İlk görüşümüz Kubaya qarşı oldu. Çox gərgin görüş keçdi. Uşaqlar bütün komandalara qarşı əzmkarlıq nümayiş etdirdilər. Buradan da gedəndə demişdik ki, əsas hədəf finala vəsiqə qazanmaqdır. Komandanın tərkibində gənc güləşçilərə də üstünlük vermişdik. Aparıcı güləşçilərimizdən Şərif Şərifov, Murtuzəli Məhəmmədov, Nurməhəmməd Hacıyev səhhətindəki problemlər səbəbindən komandada yer almamışdı. Biz Toğrul Əsgərovun da çıxışını planlaşdırmışdıq. Lakin o, tam formada deyildi. Komandanın liderlərindən Cəbrayıl Həsənov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Aleksandr Qostiyev var idi. Yenilərdən Coşqun Əzimov çox əzmkarlıq göstərdi. Georgi Edişeraşvilinin güləşi çox xoşumuza gəldi".

Umudov final görüşündə komanda üzvlərinin haqsızlıqla qarşılaşdıqlarını dilə gətirib: "Final görüşündə pərdəarxası çox şeylər var idi. Biz birinci yerə iddialı idik. Hacı Əliyevin finaldan qabaq Kuba güləşçisi ilə görüşündə səhhətində problem yaranmışdı. Cəbrayıl Həsənvun görüşündə hakimlər onu açıq-aşkar məğlubiyyətə uğratdılar, 4 xallıq və 2 xallıq fəndlər var idi, onu vermədilər. Buna baxmayaraq, güləşçilərimiz sonadək mübarizə apardılar. Finalda qarşılaşdığımız ABŞ millisi ötən ilin dünya çempionu idi. Lakin biz özümüzü qalib kimi hiss edirik".

Bununla yanaşı, baş məşqçi səhvlərə də toxunub və özlərini zəif tərəfdən göstərmiş güləşçilərin 30 aprel - 6 mayda Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatına aparılmayacaqlarını vurğulayıb: "Yığma komandanın heyətinə yenidən baxılacaq. Bəzi idmançılar heyətdə yer almayacaqlar. Çünki onların əzmkarlıq və xarakteri xoşumuza gəlmədi".