Firdovsi Umudov: "Əks halda onu yığmada görmürəm"

Sərbəst güləş üzrə seçmə komandamızın baş məşqçisi və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov komandanın açıq məşqi zamanı jurnalistlərin suallarını cavablandırıb. 

Sportline.az həmin müsahibəni təqdim edir: 

- Ümumi hazırlıq barədə nə deyə bilərsiniz?

- Bu ilin əvvəlindən hazırlıq proseslərini davam etdiririk. Əvvəlcə Qazaxıstan və Türkmənistan milli komandaları ilə birgə təlim-məşq toplanışı keçirdik. Taktikanın təkmilləşdirilməsindən öncə Qazaxda məşqlər etdik. Orada Kanada millisinin də bir neçə üzvü iştirak edirdi. Qarşıda komandamızı Belarusun paytaxtı Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin mükafatı uğrunda Qran Pri, daha sonra dünya çempionatı gözləyir. Hazırda isə Türkiyə milli komandası ilə birgə təlim-məşq toplanışındayıq. Bundan öncə Türkiyədə Yaşar Doğunun xatirəsinə həsr edilmiş belnəlxalq turnirdə ərəfəsində də Türkiyə ilə müştərək çalışdıq. Məqsədimiz dünya çempionatında uğurla çıxış etməkdir.

- Belarusdakı turnirdə çıxış edəcək heyət müəyyənləşib?

- Bəli. Artıq heyətimiz məlumdur. Bir neçə çəki dərəcələri var ki, onlara yenidən baxacağıq. Daha sonra dünya çempionatı üçün heyətimiz açıqlanacaq.

- Türkdilli ölkələrin idmançıları ilə toplanışda iştirak edirsiniz. Bunun xüsusi səbəbi varmı?

- Kim müraciət edirsə, onlar da gəlib bizimlə hazırlıq prosesi keçirlər. Dağıstandan və Osetiyadan da bir neçə idmançı dəvət olunmuşdu.

- Güləşçilərdən zədəsi olan varmı?

- Hazırda elə də ciddi zədəli yoxdur. Yalnız Türkiyədəki toplanışda Toğrul Əsgərovun köhnə zədəsi özünü büruzə verib. Artıq bərpa prosesini keçir. Zədələri imkan versə, yarışlarda iştirak edəcək. Əks halda, onu yığmada görmürəm. 

- Federasiyanın gələcək planları ilə bağlı nə deyə bilərsiniz: Qarşıdakı yarışlarda gənclərə şans verəcəksinizmi?

- Bu yaxınlarda I vitse-prezident Namiq Əliyevlə söhbətimiz oldu. Gələcək planlarımız çoxdur. Əsas məqsədimiz odur ki, gənclərin, yeniyetmələrin əsas heyətlə birlikdə hazırlıq proseslərinə fikir verək. Bu gün təlim-məşq toplanışında gənclərdən ibarət milli komanda da böyüklərlə birgə məşq prosesləri keçir. Əsas məqsədimiz odur ki, böyüklərdən ibarət əsas heyətimizin üzvləri "Yığmada yerimizi bərkitmişik" deyə rahatlıq tapmasınlar. Bu, əsla elə deyil. Yığmada hər zaman dəyişiklik baş verə bilər. Əsas hazırlığa fikir veririk. Kim özünü yaxşı tərəfdən göstərsə, yarışlarda, beynəlxalq turnirlərdə öz sözünü desə, o idmançılara da milli komandanın qapıları açıqdır. Bu gün gənclərimiz özlərini yaxşı tərəfdən göstərirlər. İtaliyada keçirilmiş Avropa çempionatında 7 medal qazandılar. İndi isə dünya birinciliyinə hazırlaşırlar. Tokio Yay Olimpiya Oyunlarına iki il qalıb. Ola bilsin, gələn il həmin gənclərdən heyətə cəlb etdik. Lisenziya yarışlarında da çıxış edə bilərlər. Bir neçə çəki dərəcəsi var ki, həmin gəncləri orada yoxlayacağıq. Həm fiziki, həm də texniki-taktiki hazırlığı yüksək ola idmançılar və ən əsası, nizam-intizam qaydalarına əməl edən hər bir idmançı millidə öz yerini bərkidir. Bayaq da qeyd etdim, Namiq Əliyevlə bu barədə söhbətlərimiz olub. İstər məşqçilər, istərsə də idmançılarda ən birinci növbədə nizam-intizama fikir veririk. Əvəzolunmaz məşqçi və idmançı yoxdur. Kimsə bu qaydalara əməl etməsə, yığma komandada yer almayacaq. Çalışacağıq ki, gələcək yarışlarda da etimadı doğruldaq.