Firdovsi Umudov: "Toğrul Əsgərovun müalicəsinin yubanma səbəbi..."

Sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun vətəndaşlığını dəyişəcəyi ilə bağlı xəbərlər gündəmi zəbt edib. Sportline.az məsələ ilə bağlı, sərbəst güləş üzrə Azərbaycan seçməsinin baş məşqçisi Firdovsi Umudovun fikirlərini öyrənib: "Məsələyə əsl aydınlığı qayıdandan sonra Toğrul özü gətirəcək. Bu cür təkliflər bizə də olub. Amma, gördüyünüz kimi, buradayıq. Dövlətçiliyimizə, Vətənə sadiq insanlar kimi, daim Azərbaycanın uğurları üçün əlimizdən gələni əsirgəməyəcəyik. Toğrulu yeniyetmə vaxtlarından tanıyıram. Onun belə bir addım atacağına inanmıram. Yayılan xəbərlərdə müalicəsinin yubanması məsələsi qabardılır. Federasiya rəhbərliyi də, məşqçilər korpusu da, daim onun səhhəti ilə maraqlanıb. Toğrulun boyun fəqərəsindəki zədəsi olduqca ciddidir. Ona görə də, təkrar müayinələrə ehtiyac duyulub. Əməliyyatın yubanmasının səbəbi də bununla bağlıdır. Onun həyatını riskə ata bilməzdik. Zədə sinirlə sıx bağlı olduğundan, kiçik bir ehtiyatsızlıq onu şikəst qoya bilərdi". Xatırladaq ki, ötən gün sosial şəbəkədə olimpiya çempionunun Türkmənistan vətəndaşlığını qəbul edəcəyi ilə bağlı xəbər yayılmışdı. Hazırda ölkə xaricində olan Toğrul Əsgərovun özü, hələlik susmağa üstünlük verir.