"Gənclərdən də medal gözləyəcəyik" - Namiq Əliyev

“Milli komandalarımız dünya çempionatına tam hazırdır. Heyətə gənclər arasında mundialda özünü yaxşı tərəfdən göstərən güləşçiləri də cəlb etmişik. Yarışa cavanlaşmış kollektivlə yollanacağıq”.

SportLine.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq barədə danışarkən deyib.

O, bildirib ki, Slovakiyanın Trnava şəhərində gənclərin dünya çempionatında qızıl medal qazanan Hacımurad Hacıyev (70 kq) və gümüş medal əldə edən Abubakr Abakarov (74 kq) əsas komandaya cəlb olunub: “Onları yoxlamaq istəyirik. Çünki Yay Olimpiya Oyunları ilə bağlı müəyyən hədəflərimiz var. Güləşçilərimiz hər zaman nəticə verib. Dünya çempionatının da bu baxımdan istisna olmayacağını düşünürəm. Baxmayaraq ki, bir çox gəncləri sınayacağıq. Bu, onların böyüklər arasında ilk addımları olacaq. Onlardan da medal gözləyəcəyik. Aparıcı güləşçilərimizin də həm fiziki duumları, həm də əhval-ruhiyyələri çox yaxşıdır”.

N.Əliyevin sözlərinə görə, hazırda yığmada 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında medal qazanacaq potensiala sahib pəhləvanlar var: “Adlarını açıqlamaq istəmirəm. Çünki bütün diqqətlər onlara yönəlir. Gənclər olimpiadada özlərini mütləq göstərəcəklər. Çox böyük potensiala malikdirlər. Toğrul Əsgərov kimi sürprizə imza atacaq güləşçilərimiz var”.

Qeyd edək ki, güləş üzrə dünya çempionatı 20 – 28 oktyabrda keçiriləcək.