Gimnastlarımız Fransadan bürünc medal qazanıblar

Azərbaycanın bədii gimnastika üzrə komandası Fransanın Tiye şəhərində baş tutan ənənəvi Qran-pri yarışlarında çöxnövçülük proqramında bürünc medala sahiblənib.

SportLine.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, 16 ölkənin iştirak etdiyi turnirdə Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət qrupumuzun ilk icra etdiyi 3 top-2 iplə kompozisiya onlara 15.050 xal qazandırıb.

Növbəti çıxışlarını daha uğurla yerinə yetirən bədii gimnastlarımız 5 halqa ilə kompozisiyaya görə isə hakimlərdən 17.050 xal almağa müvəffəq olublar.

Bununla da iki hərəkətin yekununda hesaba 32.100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.