Güləşçilərimiz Rusiyada 2 medal qazandılar

Rusiyanın Yakutsk şəhərində olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 6-cı beynəlxalq turnir keçirilib.  

SportLine.az xəbər verir ki, turnirdə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında gənc sərbəst güləşçilərdən ibarət Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb. Onlar turniri 1 gümüş və 1 bürünc medalla başa vurub. 

Finala qədər bütün rəqiblərindən üstün olan Hacımurad Hacıyev (65 kq) həlledici görüşdə Monqolustan təmsilçisinə uduzub və turnirin gümüş medalına yiyələnib. 

Bürünc medalı isə Rəşad Yusifli (79 kq) qazanıb. Həlledici görüşdə o, Yunanıstan təmsilçisindən üstün olub. 

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Azərbaycan Güləş Federasiyasının məlumatı