Güləşçilərimiz Türkiyədə hazırlaşırlar

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirir. 

SportLine.az xəbər verir ki, yığma komandalarımız bu dəfəki təlim-məşq toplanışını Türkiyədə keçir. Bu məqsədlə hər üç güləş növü üzrə yığmamızın üzvləri İstanbuldadır. 

Ayın əvvəlindən qonşu respublikaya yollanan Yunan-Roma yığmamızın iştirak etdiyi təlim-məşq toplanışında Türkiyə ilə yanaşı, Hindistan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Estoniya, Litva, Ukrayna və Moldova komandaları da hazırlıq keçir. Yığmamızın üzvləri 20-22 iyul tarixlərində İstanbulda keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 

Sərbəst və qadın güləşi üzrə yığmamızın üzvləri də ötən həftədən etibarən İstanbulda təlim-məşq toplanışına başlayıb. Sərbəst güləşçilərimiz Hindistan, Türkiyə, Belarus, Ukrayna və Tatarıstan komandaları ilə birgə hazırlıq keçir. Qadın güləşçilərin təlim-məşq toplanışında isə yığmamızla yanaşı Türkiyə və Hindistan komandaları da iştirak edir. Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz 27-29 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan  reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək. 

Azərbaycan Güləş Federasiyasının məlumatı