"Heç bir komanda burada məğlub olmaq istəmir" - Qurban Qurbanov

“Vacib səfərə gəlmişik. Oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidir". SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində Maltaya qarşı keçiriləcək görüşdən öncə deyib.

Mütəxəssis mətbuat konfransında fikirlərini bölüşüb: "Bu komandanın Farer adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər. Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək".

Qeyd edək ki, Malta - Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.