Heç kimin oyununda piyada olmayan Nazim Süleymanov

Dünəndən özümə gələ bilmirəm. Nazim Süleymanovu yenidən iş başında görəndə çox sevinmişdim. Azərbaycan futbolunun reallıqlarına göz yumaraq, sadəlövhcəsinə ümid eləyirdim ki, bu dəfə ona tam etimad göstəriləcək. Lazımı vaxt veriləcək, şərait yaradılacaq.

 Bəlkə də ona olan simpatiyamdan irəli gəlir, bəzilərindən fərqli olaraq, Süleymanovun məşqçi kimi də özünü nə vaxtsa təsdiqləyəcəyinə böyük inamım var. Karyerası boyu haqsızlıqlarla üzləşən birinin bacarığını tam olaraq ortaya qoymasına əngəllər bitmir ki bitmir. Bəziləri bunu Süleymanovun xarakteri ilə əlaqələndirir. Haradasa haqlıdırlar da. Bəli, Nazim Süleymanov bu gün Azərbaycan futbolunda özünə yaltaqlıqla, üzgörənliklə cığır açdığı yola çıxanlardan deyil. Özünə hörməti işi ilə, əməli ilə qazanmaq istəyənlərdəndir.

Hisslərimi söyüşlə ifadə eləmək istəyərdim. Amma, tərbiyəm imkan vermir. O tərbiyə ki, həmişə Nazim Süleymanovun da, davranışlarından sezilir. Qəribə məntiqləri var imiş... Mülayim xarakterlidir, sərt davranışı bacarmır. Söyüş söyməli imiş övladı, nəvəsi yaşda uşaqlara...

Nə isə... Təəssüf ki, bu dəfə də alınmadı. Deyilənlərə inansaq yenə də iyrənc mənzərənin şahidi oluruq. Azərbaycan futbolunun ənənəvi "torba əməliyyatı"ının qurbanı olub Nazim Süleymanov. Məlum oyunun təfərrüatlarına varmaq həvəsim yoxdur, amma məlum olan odur ki, ortada suyu bulandıranlar var. Kimlərinsə əlində alət olub, kiminsə imicinə xələl gətirməyə çalışanların aqibəti onsuz da bəllidir. İstifadə olunmuşların, istifadə müddəti bitdikdən sonrakı ünvanı zibilxana olur.

Nazim Süleymanov heç kimin oyununda piyada olmayıb. Onun öz oyunu var. Bitməyən oyunu. Bir gün yenə də lazım olan mövqeyə açılıb qolunu vuracaq. Mən buna inanıram.