"Həmin epizoddan sonra mübahisələr oldu" - Radik Əhmədov

Futzal üzrə Yüksək Liqanın XIX turunda "Neftçi” ilə keçirəcəyi oyundan əvvəl EKOL-un oynayan baş məşqçisi Radik Əhmədov federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. 

SportLine.az həmin müsahibəni təqdim edir...

- Qış fasiləsindən sonra keçirdiyiniz 3 oyunda 1 xal qazanmısınız. Nəticənin komandanız üçün uğursuz alınmasını nə ilə əlaqələndirirsiniz?

- Fasilə müddətində tam heyətlə hazırlaşa bilmədik. Millinin düşərgəsində olduğuna görə əsas oyunçularımızdan üçü - Samir Həmzəyev, Namiq Məmmədkərimov və Emin Kürdov üçüncü dövrənin startına az vaxt qalmış komandaya qoşuldu. Eyni zamanda, zədəli olduğuna görə bəzi futzalçılarımız da tam gücləri ilə məşq edə bilmirdilər. Üç oyundan 1 xal qazanmaq planlarımıza daxil olmasa da, belə alındı. Üçüncü pillə uğrunda mübarizədə əsas rəqiblərimizdən olan "Neftçi” ilə qarşılaşacağıq və bu matçda 2018-ci ildə ilk qələbəmizi qazanmaq istəyirik.

- İkinci pillədən əlinizi üzmüsüz?

- Əlimizi üzməmişik, amma reallığı nəzərə alsaq, bir qədər çətin olacaq. Çünki xal fərqimiz çoxdu. Dördüncü dövrədə itirdiyimiz xalları kompensasiya etməyə çalışacağıq. Bəzi oyunlar oldu ki, hakim qərarlarından narazı qaldıq. "Marafon Futsal”la oyunun birinci hissəsində rəqibin qol vurduğu epizod zamanı tabloda saniyəölcən sıfırları göstərirdi. Bu məqam bizi narahat edir, oyunumuza pis təsir edir. Bizə qarşı niyə belə edirlər, bilmirik.

- Qərəzlidirlər?

- Səbəbini axtarırıq. Həmin epizoddan sonra mübahisələr oldu, amma heç nə dəyişmədi.

- Növbəti turda əzəli rəqibiniz "Neftçi” ilə qarşılaşacaqsız. Bu oyunla bağlı nə düşünürsüz?

- "Neftçi” bu ilki çempionata qədər əzəli rəqibimiz idi. Ancaq indi üçüncü yer uğrunda oyunda əsas rəqibimizdi. Hər iki komandaya xal lazımdı.

- Rəqibin oyununu izlədiniz. Necə təsir bağışladılar?

- "Xəmsə” ilə matçda "Neftçi”nin gücünü müəyyənləşdirmək olmaz. Rəqib zəif olanda qarşısındakı komanda da ona uyğun çıxış edir. Ona görə də bu matça baxıb, dəyərləndirmə aparmaq düzgün deyil. Bizə qarşı necə oynayacaqlarını bilirik. Hazırlığımızı da ona uyğun davam etdiririk.

- Bəlkə "Neftçi” "Xəmsə” ilə görüşdə "kartlarını” gizlətdi?

- Zəif çıxışlarını bununla əlaqələndirərdim. Onlar da bizimlə oyunu düşünürlər. Ona görə də, özlərini qorudular, tam güclərini sərf etmədilər. "Neftçi”nin gücü bizimlə oyunda bilinəcək.

- Namiq Məmmədkərimovun yoxluğu hiss olunacaqmı?

- Əsas, aparıcı oyunçularımızdandı. Yoxluğu çətinlik yaradacaq. Amma elə etməliyik ki, Namiqin yoxluğu hiss olunmasın.