"Həmin oyun, həm rəhbərliyə, həm futbolçulara böyük inam verdi" - Qurban Qurbanov

“İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, ciddi rəqibə qarşı oynayırdıq”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah Sloveniya klubu “Olimpiya”nı qəbul edəcək.

Matçöncəsi təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Daha çox fikirləşmək lazım olacaq. Bizi çətin və maraqlı oyun gözləyir”.

- İlk oyundan fərqli sabah heyətdə dəyişiklik gözlənilirmi?

- Dəyişiklik ola bilər. Amma ciddi bir fərq gözlənilmir.

- Halldorssonun meydana çıxmaq ehtimalı varmı?

- Azdı. Amma iştirak ərizəsində olacaq.

- Hücumçu axtarışınız nə yerdədi? Macarıstanlı Balaş Dzudzakın “Qarabağ”a keçmək variantı nə dərəcədə realdı?

- Bu, son illərin ən çox verilən sualıdı. Ən çox axtarışda olduğumuz mövqe hücumçdu. Amma dediyiniz oyunçu ilə bağlı məlumatım yoxdu. Bəlkə də, siyahımızda olub. Hücuma ən azı 1 oyuncu cəlb etmək istəyirik. Axtarışlar davam edir.

- Bu, sizin avrokuboklarda 80-ci oyununuz olacaq. Bundan əvvəlki 79 matçın hansı sizin üçün xüsusidi?

- 80-ci oyun barədə düşünmürəm. Bu, bizim ilk mərhələ oyunumuz olacaq. Hər il daha yaxşı nəticə əldə etməyə çalışırıq. Səfərdə qalib gəlsək də, çox çətinliklə üzləşdik. Yüksək səviyyəli rəqiblə qarşılaşırıq. Bizi hansısa sürpriz gözləyə bilər. Yaddaqalan oyunlar olub. Ötən il “Kopenhagen”lə pley-off oyununu qeyd edə bilərəm. Azərbaycanda futbola sevgi, “Qarabağ”a inam yaradan “Rusenborq”la qarşılaşma da xüsusi idi. Səhv etmirəmsə, Ağdamın işğalı günü idi. Həmin oyun həm rəhbərliyə, həm futbolçulara böyük inam verdi.

- Almeyda, Əmirquliyev komandadan getdi, Qara Qarayev ilk oyunda qırmızı vərəqə aldı. Coşqun Diniyevin orta sahədə tək qalması sizi narahat etmir?

- Qaranın qırmızı vərəqə alması barədə indi düşünməyə ehtiyac yoxdu. Yaxşı tərəfini düşünək. İxtiyarında az oyunçu olanda, məşqçi daha rahat qərar verə bilir.

- Almeydanın qış fasiləsində “Astana” variantı olub. Həmin vaxt bunu hiss etmisiniz?

- Almeyda elə futbolçudu ki, danışıq onun oyununa təsir etməz. Mövsümün sonuna bir neçə tur qalmış onun qalmayacağını bilirdim. Komandasını dəyişmək istəyirdi. Buna normal baxırdım. O ki qaldı sualınıza, bunu hiss etməmişəm. Almeyda həmişə maksimum gücünü ortaya qoyub.

- Roman Qriqorçuk “Astana”ya Pedro Enrike və Riçard Almeydanı apardı, nəinki “Qəbələ”də bəyəndiyi Cavid Hüseynov. Bunu düşünəndə sevinmirsiniz ki, mənim əməyimin bəhrəsidi?

- Belə şeylərə az fikir verməyə çalışırıq. “Barselona” pik səviyyədi. Amma Neymar ordan getdi. Futbolda belə hallar olur. Burdan çıxan futbolçulara dəyər verilməsi bizi sevindirir.

- Bu gün II mərhələdəki potensial rəqibblər “Valletta” ilə “Kukesi” qarşılaşacaq. Oyunu izləyəcəksinizmi?

- Bu suala cavab vermək məndə rahatlıq yaradar. Halbuki məndə narahatlıq var. Öz oyunumu həll etməmiş başqa komanda barədə düşünmürəm. Məni yalnız sabahkı görüş maraqlandırır. Diqqətli, ciddi olmalıyıq. Futbolçularıma da rəva bilmirəm ki, bu barədə düşünsünlər. Rəqibin iddialı açıqlamaları sübutdu ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir.