"Hər bir baş məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçuya sahib olsun" - Elşad Əhmədov

"Sabah" klubunun baş məşqçisi Elşad Əhmədov Cavid İmamverdiyevin transferinə münasibət bildirib. SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis milli komanda üzvünün keçidindən məmnunkuğunu dilə gətirib:

“Cavid kimi futbolçuya istənilən komandada ehtiyac var. Hər bir baş məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçuya sahib olsun. Cavid Azərbaycan futbolunda öz sözünü demiş oyunçulardandır. İnanıram ki, o, bizim komandanın aparıcı üzvlərindən birinə çevriləcək. Cavid həm də, yığmamızın üzvüdür. Ümid edirəm ki, klubumuzdakı yaxşı çıxışı ilə milliyə dəvət almağa davam edəcək”.

28 yaşlı futbolçu karyerası ərzində “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə) və “Sumqayıt”ın uğurları üçün çalışıb. Cavid Azərbaycan yığmasının formasında çıxdığı 7 oyunda 1 qol vurub. O, millinin bu il keçirdiyi 6 qarşılaşmanın hamısında şans qazanıb.