"Bakıya çatanda gördüm ki, aləm dəyib bir-birinə" - Kamran Ağayev

"Keşlə” klubunun və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXIII tur matçından sonra brifinq keçirib. SportLine.az həmin müsahibəni təqdim edir.

- "Sumqayıt”la qarşılaşmadan məğlub ayrıldınız. Fikirləriniz necədir?

- Maraqlı oyun alındı. 8 gün ərzində 3-cü oyunumuzu oynadıq, bu da bir qədər əziyyətlidir. Nəyə görə əziyyətlidi? Çünki süni örtüklü meydanlardan təbbi örtüklülərə, təbii örtüklülərdən süni örtüklülərə keçirik. Digər tərəfdən, kubok oyunları daha ağır keçir. Əvəz olunmayan futbolçu yoxdur. Sözümü ona gətirmək istəyirəm ki, baş məşqçi bəzi oyunçulara istirhət vermişdi. Şəxsən mən zədədən qayıtmışam, yavaş-yavaş hazır duruma gəlməyə çalışıram. Oyuna gəlincə, hava küləkli idi, bu, bizə çətinlik yaradırdı. Yağış, qar olsun, amma külək olmasın. Baxımlı, normal oyun alındı. Emosional oyun oldu. Futbolun marağı da bundadır. Məğlub olmaq istəməsək də, sonda bununla üzləşdik.

- Zədəni tam olaraq sağaltmısan?

- Ağrı hiss eləmirəm. Amma elə bir zədədir ki, bir qədər vaxt lazımdır. Mən isə vaxt verə bilmirəm, çünki artıq çəki yığıram. İnanıram ki, yaxın gələcəkdə hər şey düzələr.

- Epizodların birində hakimə etiraz etdin, oyunun sonunda da AFFA nümayəndəsi ilə söhbətləşdin. Nəyə etiraz edirdin?

- Yadımda deyil. Oyun ərzində o qədər belə hadisələr olur ki... Milli komandanın oyunçularıyıq, hakimlər bizi qoruyurlar. Həmin epizod yadıma gəlmir. Deyəsən, Ehtiram Şahverdiyev topu yerə vurdu.

- Kubokla bağlı nə düşünürsən?

- İlk oyun başa çatıb. Hər bir görüşün öz ab-havası, hazırlıq qaydası var. Təki zədəlilərimiz olmasın. Finalda oynamaq hər bir oyunçunun arzusudur. "Sumqayıt"la cavab görüşünə köklənəcək və mərhələ adlamağa çalışacağıq. 

- Mövsümün sonunda "Keşlə”ni tərk etməyəcəksən?

- Yaya qədər müqaviləm var. Hələlik "Keşlə”nin uğuru haqda düşünürəm. Vaxtı gələndə doğru bildiyimiz addımı atacağıq.

- Razılaşaq ki, Rəşad Sadıqovun 36 yaşı var, amma hələ də onu əvəz edə biləcək futbolçu yoxdur. Eyni zamanda da Kamran Ağayevin əvəzləyicisi yoxdur...

- Səhv fikirdir. Bu, fakt deyil. Sadəcə, inam var. Gəlin, sizin dilinizdə izah edim. Siz hansı jurnalistin ağıllı, hansının mənasız yazılar yazdığını bilirsiniz. İdman da belədir. Əvəzolunmaz idmançı yoxdur. Şahin Diniyevin vaxtında Rəşad Sadıqov milli komandaya dəvət almırdı. Berti Foqtsun da, Robert Prosineçkinin də, Qurban Qurbanovun da vaxtında milliyə fərqli-fərqli futbolçular dəvət alıb. Hər bir baş məşqçinin baxış bucağı, taktikasına uyğun futbolçular var. Bu gün, sadəcə, inamı qazanmaq lazımdır. Biz meydanda hansı futbolçunun ağıllı, hansının kortəbii oynadığını bilirik. 

- Səni əvəz edəcək birinin yetişməməsi fikri ilə razısan?

- Yox. İnsan özündən razı olmaqdansa, özünə güvənməlidir. Öncə özünə güvənməlisən. Kənardan fərqli görünsək də, tam fərqli insanlarıq. Çünki biz özümüzü darta bilmərik. Xalqın içindən çıxmış adamlarıq. Meydanda 90 dəqiqə oluruq, bundan sonra isə adi vətəndaşlarıq. Ona görə də siz olmasanız, biz heç kimə lazım deyilik. Təbii ki, əziyyətimiz olur. Bir də belə bir şey var: idman çantasını çiyninə atan hər insandan idmançı olmur. İdmançı nəticə verənlərə deyilir. Təsadüfən qələbə qazanmaq da olar, uduzmaq da. Elələri də var ki, zədədən sonra bərpa ola bilməyib. Bunlar xarakteri olmayanlardır. Zədələnirsənsə, formanı yığmalı, özünə qarşı tələbkar olmalısan. Sizinlə razıyam ki, mənim yaşımda olan qapıçılar bu dəqiqə iddialıdırlar. Boyca da hündürdürlər. Amma dünyada balacaboy yaxşı qapıçılar da var. Avropa klublarında çıxış etmiş qapıçı kimi futbolun necə olduğunu bilirəm. Bundan başqa, yetişmək üçün əziyyət çəkməlisən. Orxan Sadıqlı uşaqlıqdan mənim yanımda olub və ona demişəm ki, məndən yaxşı şeyləri götür. Mənim atam, rəhmətlik anam ziyalı insan olub. Atam müəllim olub, mənə ilk tapşırıqları o verib. Amma atamın öz, mənim öz dəst-xəttim var. Atamdan sadəcə, kişilik öyrənmişəm. Başa salıb ki, sən müsəlmansan, azərbaycanlısan, bayrağın, himnin, gerbin budur. Atam bunları başa salıb. İdmanda isə özüm irəliləmişəm. Orxana da hər zaman demişəm ki, çalış, özün kimi ol. Heç kimə özünü oxşatma. 22 ildir futbol oynayıram, hələ özümü heç kimə oxşatmamışam. Baxmışam, öyrənmişəm, amma öz dəst-xəttim olub. İndiki zamanda əsas fikirdir, ustalıqdır. Cavanlara demək istəyirəm ki, hazırda futbolumuz yaxşı vəziyyətdədir. Mən peşəkar futbola "Şəfa” klubunda gəlmişəm. O vaxt hamı deyirdi ki, "Şəfa” superdir, qəşəng ab-havası var, bütün futbolçular bu komandaya can atırdılar. Lakin hansı şəraitdə idik? Cəmi bir paltarmız var idi, məşqləri isə bərbad stadionda edirdik. 2-3 dəfə eyni yerdə topa müdaxilə etdinsə, 4-cü dəfə müalicə almağa gedirdin. Əvvəl pulu olan insan da olsaydı, əlcək, buts tapa bilmirdi. İndiki dövrdə isə hər bir şərait var. Allah futbola can atanları zədədən qorusun. Mən özüm çox zədə almışam. Çoxu deyir ki, Kamran əyləncəyə meyllidir. Xeyr, mən belə deyiləm. Özümə qarşı tələbkaram, məşqlərimdən qalmıram. İnsan pik nöqtəyə qalxır, zədələndikdən sonra köhnə vəziyyətinə qayıdır. Heç kim anasının qarnında idmançı olmur. Lionel Messi kimi insanlar 20 ildənbir doğulur. Məsələn, mən Portuqaliyaya gedəndə tam hazır vəziyyətdə idim. Elə oldu ki, mövsümün gedişində zədə aldım, Azərbaycana qayıtdım. Bura gələndən sonra Avropaya qayıtmaq istəmirdim, çünki tam hazır vəziyyətdə deyildim. Sonra "Mlada Boleslav” söhbəti ortaya düşdü. Baş məşqçi də demişdi ki, Kamran bura gələndə hazır vəziyyətdə deyildi, artıq çəkisi var idi. Zədədən də heç kim sığortalanmayıb. 

- Demək istəyirsən ki, Çexiyanın "Mlada Boleslav” komandasına getməkdə səhv addım atdın?

- Formaya düşməmişdim. Zədəmi bərpa edirdim, birdən-birə dedilər ki, gəl, biz səni müalicə edəcəyik. Hamı deyir ki, Kamran bir nömrəli qapıçıdır. Amma məşq etməsən, bu ada sahib çıxa bilməzsən. Maşında olanda arxaya baxmasan, yerində sayarsan. 20-25 yaşda insanın üzərində məsuliyyət az olur, 32 yaşında pik nöqtədə olursan, millinin aparıcı siması olursan və hər bir səhvin özünə yaraşmır. Çünki hər bir hərəkət səni hörmətdən sala bilər. Yəni, bu adı qoruyub saxlamaq çox çətin olur.

- Əsas suala cavab vermədin: Səni əvəz edəcək qapıçı kim ola bilər?

- İstedadlı qapıçılarımız var. Amma məşqçilərin fikri başqa cürdür. Hamı deyirdi ki, Robert Prosineçki flankəsi miliyə dəvət etmir və ya Qurban Qurbanov kimisə kənarda qoyur. Baş məşqçi var ki, futbolçuda nəyisə tapır. Eləsi də var ki, futbolçu onun oyun fəlsəfəsinə uyğun gəlmir.

- Yaxın dostun Ruslan Əmircanov bugünlərdə ailə həyatı qurdu. Bəs sən atanın arzusunu nə zaman yerinə yetirəcəksən?

- Ailə həyatı insana hər zaman lazımdır, amma məsuliyyətli bir işdir. Təbii ki, ailə həyatı quracağam. Portuqaliyada olanda çempionatın birinci dövrəsinə yekun vuruldu, Emin Mahmudov Moskvaya uçdu, mən də Bakıya gəlirdim. Təyyarəyə minəndə jurnalistlərin birindən zəng gəldi, ona dedim ki, təyyarəyə minirəm, danışa bilmirəm, səhər danışarıq. Dedi niyə? Dedim ki, Azərbaycana gəlirəm. Niyə gəldiyimi soruşdu, səmimi olaraq dedim ki, darıxıram, ailə qurmaq vaxtıdır, atamla məsləhətləşməliyəm. Kim vətəni, atası üçün darıxmır? Səhər Bakıya çatanda gördüm ki, aləm dəyib bir-birinə. Portuqaliyadan darıxdığım üçün qayıtmadım. Sadəcə, dizim imkan vermədi. Türmədə yatanlara deyirlər ki, cinayətkardır. Belə olmaz. Həbsxanaya müəllim də, namaz qılan da, polis də düşür. "Benfika” ilə oyunda da qalmaqal yaşanmışdı və bu, futbolda olan hadisələrdir. Əlbəttə, bunun peşmançılığın çəkirəm. Mən "Boavişta”da qalıb futbol oynamaq niyyətində deyildim, daha yaxşı yerə getmək istəyirdim. Çünki komandanın vəziyyəti yaxşı deyildi. Bir də belə bir şey deyim ki, əziyyətimiz olub, iki təhsilim var, dövlət işində çalışmaq istəyirəm. Belə getsə, işləyəcəyəm də... Daha doğrusu, işim artıq təyin olunub. Mən futbol üçün darıxmasaydım, çoxdan karyeramı başa vurmuşdum. Futboldan ləzzət aldığım üçün bu işlə məşğulam. Amma bu, mənim işimdir, sevə-sevə görürəm. Şəxsi həyatım isə ailəmdir, atamdır. 

- Hansı sektorda işləyəcəyiniz bəllidi?

- Dövlət işidir. Təyinat olmayıb, amma olacaq. Deməyim odur ki, futbolu sevdiyim üçün buradayam. 10 ildən çoxdur ki, peşəkar futbolla məşğulam, milli komandanın formasını heç kimlə dəyişməmişəm. Ulduz futbolçu olsa da, bayrağımıza görə formanı dəyişməmişəm. Bundan sonra da forma dəyişməyəcəyəm. Çünki vətənpərvərəm. Qismət olsa, səfərbərlik elan olunsa, Qarabağda döyüşməyə hazıram. Avtomatdan ata bilmərəmsə, güllə daşıyaram. 

- Toy nə vaxtdı?

- Hələ ki, idmandan başımız ayılmır. 

Sportnet.az