"Hər komandanın öz oyun üslubu var"

“FK.İD.Futsal”ın əsas oyunçularından və milliyə namizəd Nihad İsmayılov AFF-nın "Facebook" səhifəsinə müsahibə verib. SportLine.az saytı həmin müsahibəni təqdim edir.

- Qış fasiləsinə böyükhesablı qələbə ilə yollandınız. Maraqlıdır, “Yasamal”ı birinci dövrədə də bu hesabla yenmişdiniz. Deyəsən, rəqibin zəif tərəfini tapmısız?
- Düzdü, birinci dövrədə də oyun 10:3 hesabı ilə yekunlaşmışdı. Fərq odur ki, ilk oyunda təcrübəli Rəcəb Fərəczadə bizə kömək edirdi. Bu dəfə o, zədəli olduğuna görə, meydanda yox idi. Ağatahir Əzimov isə zədəli ola-ola oyuna qoşulmuşdu. Buna görə də birinci hissədə çətinlik çəkdik. Fasilədən sonra qolu tez vurmağımız bəhrəsini verdi. 

- Rəqibi bu dəfə yerli mütəxəssis oyuna çıxarmışdı. Üstəlik, iranlı oyunçuların əskəriyyəti komandadan göndərilib. Hansısa fərq hiss olundumu?
- Rəqib zəif deyildi. Əzmkar, mübariz komandadı. Sona kimi bacardıqları qədər müqavimət göstərdilər. Yenə deyirəm, oyunun taleyini ikinci hissəinin başlanğıcında vurduğumuz erkən qollar həll etdi. 

- Komandanız heyətinə görə seçilsə də, nəticələriniz qeyri-sabitdir. Bu nədən irəli gəlir?
- Çempionatın səviyyəsi ilə bağlıdır. Çünki indi komandalar bir-birinə qarşı mübarizə aparırlar. Əvvəlki illərdə meydana çıxanda bilirdin ki, bu rəqibi asanlıqla yenəcəksən. İndi bunu müəyyənləşdirmək mümkün deyil. Bu da çempionatın səviyyəsinin qalxması ilə bağlıdı. Komandalar heyətlərinə əl gəzdiriblər, autsayder belə asan təslim olmur. Əvvəlcədən rahat, asan udub-udmayacağını bilmirsən. Həm də hər rəqibin öz oyun üslubu var. Məşqçilər də rəngarənglik qatıb oyunlara.

- Qarşılaşmalara demək olar, eyni heyətlə çıxırsız, ehtiyatda isə çox az sayda oyunçunuz qalır. Bu yorğunluq yaradırmı?
- Ehtiyat qüvvənin azlığı təsirini göstərir. Əsas yük 4-5 nəfərin üzərinə düşür. Məncə, qış fasiləsi zamanı komandanı gücləndirə bilsək, yaxşı olar.

- İkinci dövrənin başa çatmasına 1 tur qalsa da, “FK.İD.Futsal” artıq istirahətə yollandı. Rəhbərliyin 2 dövrədə qazanılan nəticə ilə bağlı fikri necədir?
- Ola bilsin, komanda güclənsin, daha yaxşı olsun. Bu barədə qərarı rəhbərlik verəcək. Əslində, mövsümün əvvəlində qarşımıza məqsəd qoyulmuşdu ki, ilk “3-lüy”ə düşək. Fasilədən sonra işimiz bu fərqi aradan qaldırmaq və məqsədə çatmaq olacaq.

- Ancaq xal fərqi hər turda demək olar artır. Qışdan sonrakı oyunlarda bunu sığortalamaq mümkün olacaqmı?
- Əlbəttə, mümkündür. Çünki rəqiblərimizin hər biri ilə 2 dəfə qarşılaşacağıq. Həmin oyunlarda qələbə qazansaq, onları büdrətmiş olacağıq. Bizdən üst sıralarda yer alan komandaların digər oyunlarda da xal itirmək ehtimalı yox deyil. Ona görə ruhdan düşmək olmaz.

- Milliyə namizəd futzalçılardansan. Çempionatda rəqabətin artması oyunçuların tonusda qalmasına necə, kömək edirmi? Yoxsa bu gərginlik ancaq xal baxımından var?
- Xal baxımından gərginlik var, ancaq oyunların səviyyəsi də yüksəlib. Sürət artıb, müxtəlif taktiki gedişlər olur. Tədricən baş məşqçi üçün seçim imkanları da genişlənir. Çünki dünənə qədər meydanda gəzən oyunçu indi qaçmağa məcburdu. Bu da onun fiziki, eləcə də taktiki hazırlığına kömək edir. Xeyrini görəcəyik.

- Çempionatda xüsusilə fərqləndirmək istədiyiniz komanda varmı?
- Hər komandanın öz oyun üslubu, çempionata qatqısı var. Əvvəlki klubum EKOL olub. Onların oyun üslubunu daha çox bəyənirəm.

- Qış fasiləsində komandanı dəyişmək ehtimalı varmı?
- Bu gedişlə yox. Əla kollektivimiz var, ab-hava da yüksəkdi. Üstəlik güclənəcəyimiz də realdı.