İdmançılarımızda dopinq aşkarlandı

4 idmançımızın dopinq testi müsbət cavab verdiyindən, onlar cəzaya məruz qalıblar.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında məlumat yayılıb. Güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiya edilib.

Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun orqanizmində furosemid maddəsi aşkarlanıb.

Rzayev, Əfəndiyev və Cəlilovdan alınmış nümunələrdə isə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Birincinin orqanizmində stanozolol metaboliti, boldenon, boldenon metaboliti, dehydroxlorometiltestosteron, 1-androstenedion, 1-testosteron və 19-norandrosteron maddəsi tapılıb. Digər bodibildinqçidə klenbuterol və tamoksifen metaboliti aşkarlanıb. Sonuncuda isə dehidroxlorometiltestosteron metaboliti, metenolon metaboliti və metenolon təsbit edilib.