İlk dubl, iki yubiley

Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk dublu gerçəkləşib. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Qarabağ”ın hücumçusu Mahir Mədətov “Səbail”lə qarşılaşmada vurduğu iki qolla komandasına 2:0 hesablı qələbə qazandırıb. İlk turda dubl qeydə alınmadığından Mahir mövsümün ilkinin müəllifi olub. Onun 2-ci topu iki yubileylə də əlamətdar olub. Mədətov “Qarabağ”ın heyətində 25-ci dəfə rəqib qapısına yol tapıb. O, Ağdam klubunun tarixində 25 və daha çox qol vuran 21-ci futbolçu olub. Matçda hesabı açmaqla hərəyə 24 qol vuran Dino Ndlovu və Dmitri Kudinova çatan Mahir matçın sonlarında fərqlənməklə onları arxada qoymağı da bacarıb. 21 yaşlı futbolçu həm də Premyer Liqada 20-ci qoluna sevinib. Bu topların hamısını “Qarabağ”da vuran hücumçu digər 5 qoldan 4-nü ölkə kuboku, 1-ni avrokuboklarda qeyd edib.