"Klubların və yığmaların işinə müdaxilə etmək istəmirik" - Vaqif Sadıqov

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsi

- Yanvar ayında hansı işləri görəcəksiniz?

- İstər-istəməz hər ay tədbirlər planı hazırlayırıq. Demək olar ki, yerli klubları, milli komandaların oyunlarını, izləyirik. Yoxlama oyunlarını da izləyirik. 

- Klubların və yığmaların Antalya toplanışını izləyəcəksiniz?

- Biz də istəyirik. Planımızda var. Sabah rəhbərliklə görüşüb təsdiq eləməyə çalışacağıq. Vaxt məhdudiyyəti var. Biz istəyirik ki, bütün oyunları əhatə edək. Orda da yerli klublar təlim-məşq toplanışı keçirirlər. Ondan başqa aşağı yaş qrupları da toplanışdadırlar. Yoxlama oyunları keçirirlər. Yəni, bütün yoldaşlıq qarşılaşmalarında iştirak edəcəyik. Bunun ölkə daxilində və xaricdə olmasının fərqi yoxdur. Çalışacağıq ki, klubları və milli komandanı əhatə edə bilək. 

- Yoxlama matçlarını izləməkdə məqsəd nədir?

- Bizim məqsədimiz həmişə tövsiyyə xarakteri daşıyır. Futbolun inkişafı üçün olan tövsiyyələri həyata keçirməyə çalışırıq. Bundan irəli gəlir ki, ayrı-ayrı ölkələrdə gördüyümüzü bizim mühitə uyğunlaşdırmaq istəyirik. Biz hər hansı klubun və yığmaların işinə müdaxilə etmək istəmirik. Ümumi işimiz var. Futbolun inkişafını istəyən insanlarıq. Bütün sağlam qüvvələr birləşib futbol naminə çalışmalıdır. Elə də olacaq. Hazırda yığmaya rəhbərlik edən yerli mütəxəssisimiz var. O öz yolunu açıqlayıb və onunla da gedəcəklər. Bizim də məqsədimiz odur ki, futbolumuza dəstək olaq. Hamımız birlikdə lazım olan uğurlara imza atacağıq. 

- Yoxlama oyunlarındakı rəqiblər Moldova və Gürcüstan yığmaları milliyə nə dərəcə faydalıdır? Bizim üçün yad rəqiblər deyil...

- Statistika göstərdi ki, Avropada zəif rəqib yoxdur. Əksər ölkələr toplanış üçün Antalyanı seçir. AFFA rəhbərliyi bundan səmərəli istifadə edib iki rəqib tapıb. Hesab edirəm ki, ilk atılan addımlar üçün rəqiblər də münasibdir. İnanıram ki, bundan sonra rəqiblərin səviyyəsi də artırılacaq. Komandamız yeni baş məşqçinin tapşırıqlarına uyğunlaşaraq, oyundan oyuna inkişaf edib hər birimizi sevindirməyə çalışacaq. 

- Qurban Qurbanovun gəlişindən sonra yığmada yeni futbolçular? 

- Qurbanov da açıqlayıb ki, bütün futbolçular potensial yığmaya namizəddirlər. Bunu futbolçular da dərk edib başa düşür. Onlar özlərini ən yaxşı tərəfdən göstərmək istəyirlər. Qurban müəllim dünən "Qəbələ”nin də matçını izləyib. Ordakı namizədlərə də baxıb. Hər bir azərbaycanlı futbolçu yığma komandaya namizəddir. Qurbanov deyib ki, hər kəs üçün yığmanın qapısı açıqdır. Hesab edirəm ki, hər bir futbolçu o qapıdan keçmək üçün özünü yaxşı tərəfdən göstərməlidir. Ondan sonra isə özü isbat eləməlidir. 

Sportnet.az